Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırdığı "Azərbaycan-Belarus Gənclər Forumu"nun Azərbaycandan gələn nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber Media Qrupunun rəhbəri Hacıbəy Heydərli, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, "PR Azərbaycan” Gənclər Araşdırma Mərkəzinin rəhbəri Müşfiq Hüseynov və səfirliyin məsul şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Məhərrəm Əliyev Forumun əhəmiyyətindən danışdı.
ASGA sədri Səbuhi Abbasov isə çıxışından Forumun realizəsinin hər iki ölkə gəncliyi üçün faydalı olacağını dedi.
Azxeber Media Qrupunun rəhbəri Hacıbəy Heydərli, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək səmimi qəbul üçün səfirə təşəkkür etdilər.
Sonda ASGA İdarə Heyəti adından səfir Məhərrəm Əliyevə "Fəxri Diplom" təqdim edildi.
Məlumat üçün qeyd edək ki, 18, 19, 20 iyun tarixlərində ASGA QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu uğurla reallaşdırıb. Forum çərçivəsində BRSM konfrans zalında, Belarus Parlamentində və MDLU-nun Konfrans zalında tədbirlər keçirilib.


