Azərbaycan ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin edilməsi qaydaları Azərbaycan Respublikası ərazi müdafiəsi haqqında əsasnamə ilə müəyyən ediləcək.
Moderator.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Müdafiə haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, ərazi müdafiəsi dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi kompleksi nəzərdə tutulur.
Ərazi müdafiəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək.
Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaradıb. Təklif edilən dəyişikliyə əsasən, ərazi müdafiəsi dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur.
Bundan başqa, ərazi müdafiəsinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcəyi təklif edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.