AZ

Komitə sədri: Azərbaycanda “kazino iqtisadiyyatı” və ya şəbəkəsi qurulmur

BAKI, 21 iyun. TELEQRAF

“Reallıq bundan ibarətdir ki, əyləncə və oyun turizmi bölgəyə xarici turist axınını artırır, otellər, restoranlar və digər xidmət sahələri üçün yeni iş yerlərinin açılmasına səbəb olur, xarici və yerli investisiyaların turizm infrastrukturuna cəlb edilməsinə imkan verir, büdcə üçün əlavə gəlir mənbəyi yaradır, ölkəyə xarici valyuta axını kanallarından birinə çevrilir. Dünya təcrübəsi də bunu göstərir”.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iyunun 21-də parlamentdə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, müzakirə edilən layihə ölkədə “kazino iqtisadiyyatı”nın və ya şəbəkəsinin qurulmasını nəzərdə tutmur:

“Əgər belə təsəvvürlər varsa, tamamilə yanlışdır. “Oyun biznesi” yalnız və yalnız elit turizmin sadəcə bir tamamlayıcı elementi və ya komponentidir. Oyun biznesinin gələcəkdə iqtisadiyyatımıza müəyyən dolayı təsirləri olsa da, o Azərbaycanda nə sahibkarliq fəaliyyətinin, nə qeyri-neft sektorunun əsasını təşkil etmir. Nə dövlətimiz, nə də cəmiyyətimiz ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı gözləntilərini tamamilə bu sahə ilə bağlamır. Oyun biznesi ölkəmizdə lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq və iqtisadi fəaliyyət növündən yalnız biridir. Bundan başqa Azərbaycanda 2024-cü ilin nəticələrinə əsasən fəaliyyətdə olan sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur. Bunun təkcə 76 mini hüquqi şəxs olan sahibkarlardır”.

A.Əmiraslanovun fikrincə, Azərbaycanda rəqabət qabiliyyətli milli iqtisadiyyatın qurulması, innovativ təşəbbüslərin dəstəklənməsi, sahibkarlığa kömək, sənayeləşmənin həyata keçirilməsi, aqrar sahənin inkişafı, ixrac potensialının artırılması, tranzit imkanlarımızın reallaşdırılması iqtisadi sahədə dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən edilib: “Bunu gerçəkləşdirmək üçün ölkəmizdə sənaye parkları, texnoparklar, aqroparklar yaradılmaqdadır. Dövlətimizin iqtisadi strategiyası da, sənaye və sahibkarlıq siyasəti də, sosial inkişaf və məşğulluq konsepsiyası da bəllidir”.

Komitə sədri bildirib ki, bir çox hallarda “oyun biznesi”nin təşkili çirkli pulların yuyulması təsəvvürünü yaradır:

“Lakin təqdim edilən layihənin müddəalarına əsasən “oyun biznesi” “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun təsir dairəsinə düşür. Bu məqsədlə, adı çəkilən qanuna bununla bağlı müvafiq dəyişikliklərin edilməsi təklif olunur. Sonda qeyd etmək istərdim ki, biz layihənin yalnız əyləncə turizmi ilə bağlı aspektlərinə fokuslanmamalıyıq. Bu gün yaradılan hüquqi əsaslarla, gələcəkdə süni torpaq sahələri təkcə elit turizmin deyil, həm də azad sahibkarlığın sərbəst iqtisadi məkanına çevrilə bilər”.

Seçilən
5
5
teleqraf.com

10Mənbələr