AZ

SOCAR və “Uzbekneftegaz” Qaraqalpaq qaz blokunda birgə kəşfiyyata başlayır

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Uzbekneftegaz” şirkəti ölkənin şimal-qərbində yerləşən Üstyurt platosundakı Qaraqalpaq qaz blokunda birgə geoloji kəşfiyyat işlərinə başlayır. Bu barədə iyunun 20-də Bakıda keçirilən Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının iclasında iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov məlumat verib.

Tərəflər layihəni 2018-ci ildən bəri müzakirə edirlər. Həmin il Özbəkistanın aşağı Surğil ərazisində sənaye əhəmiyyətli qaz və qaz kondensatı ehtiyatları aşkar olunub.

İlkin mərhələdə layihəyə BP də qoşulmuşdu, lakin 2019-cu ildə bu şirkət layihədən çıxıb və SOCAR işləri təkbaşına davam etdirib.

Özbəkistanda ümumi qaz ehtiyatları 1 trilyon kubmetri keçsə də, müasir texnologiyaların çatışmazlığı səbəbindən hasilat azalır.

2024-cü ildə hasilat 40 milyard kubmetr olubsa, “Uzbekneftegaz” 2025-ci ildə bu rəqəmin 26–27 milyard kubmetrə düşəcəyini proqnozlaşdırır. Daxili tələbatı qarşılamaq üçün ölkə qazı qismən Türkmənistandan idxal edir.

SOCAR bu layihədə iştirakını Özbəkistanın enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirir və yataqların işlənməsi üçün texniki və ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirir.

N.Təbrizli

Seçilən
13
1
anews.az

2Mənbələr