AZ

Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı GÖZLƏNİLƏN XƏBƏR


Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il minimum aylıq əməkhaqqı məbləği 1 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edilməklə 2019-cu ildən bəri ölkədə həyata keçirilən sayca 5-ci sosial islahat paketinin icrasına başlanıldığı elan edilib. Lakin sosial islahat paketi çərçivəsində sosial müavinət və təqaüdlər də artırılmalıdır.

Prezidentin keçən il dekabrın 23-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamla hökumətə tapşırılmışdı ki, bu haqda təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etsin. Lakin verilən vaxt bitsə də, hələ ki müavinət və təqaüdlərin artırılması ilə bağlı qərar açıqlanmayıb.

Məsələ ilə bağlı danışan Liberal İqtisadçılar Birliyin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda müavinət və təqaüdlərin həcminin artırılması müzakirə olunur:

“Bizdə əmək pensiyası, müavinət və təqaüdlərin həcmi digər ölkələrə nisbətən aşağıdır. Bu səbəbdən də onların artırılması ilə bağlı qərarın verilməsi çox vacibdir. Əslində bu artım 2025-ci ilin yanvar ayında baş tutmalı idi. Ölkə başçısının 2024-cü il 23 dekabr tarixində imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncam çərçivəsində hökumətə bu istiqamətdə təkliflərin hazırlanması tapşırılıb, lakin bu məsələ ilə bağlı hələ ki xəbər yoxdur".

İqtisadçı qeyd edib ki, prezidentin həmin sərəncamı ilə Nazirlər Kabinetinə üç ay ərzində bu barədə təkliflərini hazırlayıb təqdim etməsi tapşırılmışdı:

"Artıq bu müddət başa çatıb və ehtimal etmək olar ki, Nazirlər Kabineti öz təkliflərini verib. İndi hökumət daxilində bu məsələyə dair müzakirələr aparılır. Artım yalnız nominal deyil, real inflyasiya və yaşayış xərcləri fonunda nəzərəçarpacaq dərəcədə olmalıdır. Əhalinin sosial rifahını yaxşılaşdırmaq təkcə rəqəmlərlə ölçülməməlidir. İnsanların alıcılıq qabiliyyəti və gündəlik tələbatlarını qarşılamaq imkanı da nəzərə alınmalıdır".

Seçilən
15
news24.az

1Mənbələr