AZ

Rasional Yanaşma Zəruridir: Tural İsmayılov İran-Azərbaycan münasibətlərindən danışır

“İranın bəzi dairələrində Azərbaycanla bağlı formalaşan son yanaşmalar cəmiyyətdə haqlı suallar və anlaşılmazlıq doğurur. Halbuki Azərbaycan tərəfi dəfələrlə, o cümlədən ən yüksək səviyyədə açıq şəkildə bəyan edib ki, onun əraziləri heç bir halda İrana qarşı istifadə olunmayacaq. Prezident İlham Əliyevin bu qəti və ardıcıl mövqeyi beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırılıb. Hətta bölgədə hərbi əməliyyatlar zamanı belə Azərbaycanın neytrallığını qoruması fakt olaraq hər kəsin, o cümlədən İranın da nəzərindən yayınmayıb”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, İrandakı bəzi dairələrin Azərbaycanla bağlı son mövqeyi cəmiyyətdə birmənalı qarşılanmayıb. Müharibə və İsrailin mümkün hücumu fonunda belə, İran tərəfi Azərbaycanı ittiham etməkdən çəkinmir. Halbuki Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əraziləri İrana qarşı istifadə olunmayacaq. Bu mövqe əməli olaraq da təsdiqlənib. Buna baxmayaraq, Tehranda qaralama və ittiham kampaniyası davam edir.

Siyasi şərhçinin sözlərinə görə, mövcud vəziyyətdə Azərbaycana qarşı əsassız ittihamların davam etməsi təəssüf doğurmaqla yanaşı, iki ölkə arasında konstruktiv dialoqun inkişafına da əngəl törədir.

“İran cəmiyyətində və siyasi çevrələrində müxtəlif baxışların olması normal haldır. Lakin regional sabitliyin və ümumi maraqların təmin olunması baxımından daha rasional və məsuliyyətli yanaşmalara ehtiyac duyulur. Azərbaycan regionda sabitliyə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır. Bu mənada, tərəflər arasında güvən mühitinin möhkəmləndirilməsi üçün açıq dialoqun genişləndirilməsi zəruridir. Diplomatik kanallar və əməkdaşlıq platformaları bu kimi narahatlıqların aradan qaldırılması üçün ən effektiv vasitə hesab olunmalıdır. Unutmaq olmaz ki, bölgədə davamlı sülh və sabitlik həm Azərbaycan, həm də İran üçün strateji əhəmiyyət daşıyır. Emosiyalardan uzaq, qarşılıqlı faydaya əsaslanan yanaşmalar isə bu məqsədə çatmaq üçün yeganə yoldur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
5
aznews.az

1Mənbələr