AZ

DGK-nın əməkdaşına hökm oxundu

Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin əməkdaşı Elman Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, cinayət işinin materiallarına görə, bu olaylar 2023-2024-cü illərdə gerçəkləşib. Həmin vaxt E.Şahbazov "Azərterminalkompleks" birliyinin Analitik şöbəsinin inspektoru vəzifəsində çalışırmış.

İttihama görə, E.Şahbazov metronun "28 May" stansiyası yaxınlığındakı mobil telefon alqı-satqısıyla məşğul bir sahibkardan tanışı vasitəsiylə qeydiyyatdan keçirilməmiş telefonları ucuz qiymətə alıb. Ardınca
özünün növbədə olduğu günlərdə sistemdə həmin telefonları bir-bir müxtəlif adamların adına gömrükdə bəyan edib və vergisini ödəyib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittihamı üzrə özünü təqsirli bilməyib. O, 64 mobil telefonla bağlı sadələşdirilmiş gömrük bəyannaməsini təsdiqlədiyini boynuna alsa da, bunlardan 7 telefonu iş yoldaşının xahişiylə etdiyini deyib.

Onun sözlərinə görə , iş yoldaşı növbədə olanda onları sistemə vurmağı unutduğundan ondan xahiş edib: "Mən həmin adamların özlərində o telefonları görməmişəm. Bu işi də maddi marağa görə etməmişəm. Onların rüsumunu da sonradan kimin, hansı kartdan ödədiyini bilmirəm. Qalan 57 bəyannamə isə qanuni olub".

Məhkəmənin hökmü ilə E.Şahbazov təqsirli bilinib və onun haqqında ittiham hökmü çıxarılıb. Ona qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 2 il islah işləri cəzası təyin edilib.

Fariz Məlikli
Demokrat.az
Seçilən
19
demokrat.az

1Mənbələr