AZ

Sertifikasiya imtahanı QALMAQALI: Təcrübəli müəllimlər nədən şikayətçidirlər?

Əvvəlki illərdə Azərbaycan dili və ədəbiyyatı fənnindən təşkil edilən imtahanlarda iştirak edə bilməyən müəllimlər iyun ayının 18-də keçirilən sertifikasiya imtahanından narazılıq ediblər.

Oxu.Az xəbər verir ki, imtahanda iştirak edən müəllimlər sualların çətinliyindən və verilən vaxtın az olmasından şikayətçi olublar. Onlar nəticələrin ədalətli olmadığını bildirir və imtahanın yenidən keçirilməsini tələb edirlər.

İmtahanda iştirak edən müəllimlərdən biri Oxu.Az-a ünvanladığı şikayətdə qeyd edib ki, MİQ-də 56 bal toplasa da, sertifikasiya imtahanından yekun olaraq 46 bal yığa bilib:

“Tək mən yox, Azərbaycan dili və ədəbiyyatından imtahan verən digər müəllimlər də narazıdırlar”.

Digər bir müəllim isə sosial şəbəkədəki paylaşımında narazılığını bu cür ifadə edib: “Mən 2021-ci ildə MİQ-də 55 bal toplamışdım. Heç bir kursa müraciət etmədən, ixtisası da, metodikanı da özüm oxuyub o balı topladım. 2021-ci ildən əvvəlki illərdə də iki dəfə imtahana qatılmışdım, onlarda da 50-dən çox bal toplayırdım, amma yer tuta bilmirdim. Bundan əlavə, 11 ildir repetitorluq edirəm. Abituriyentlərə, Dövlət Qulluğuna hazırlaşanlara məşğələ keçmişəm. Ayın 18-i keçirilən sertifikasiya imtahanında 50 balı keçə bilmədim. İndi mən savadsız müəllim oldum? Mən biliyimin yenidən qiymətləndirilməsini tələb edirəm. İmtahan yenidən keçirilsin”.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli Oxu.Az-a bildirib ki, iyunun 18-dən başlayan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir:

“Bu gün üçüncü gündür keçirilən test imtahanında artıq 8149 müəllim iştirak edib. Ümumilikdə deyə bilərik ki, prosesdə 95% davamiyyət qeydə alınıb. Hər bir imtahan günü bitdikdən dərhal sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılır.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər. Apellyasiyanın keçirilməsində məqsəd iştirakçıların müraciətlərinin araşdırılması, neqativ və uyğunsuzluq hallarının aradan qaldırılması, eyni zamanda, şəffaflığın və obyektivliyin təmin edilməsidir.

Bununla yanaşı, imtahandan sonra bəzi sosial media platformalarında müəllimlər tərəfindən imtahanın tərtibi ilə bağlı bəzi narazılıqların səsləndirildiyi də müşahidə olunur. Bu səbəbdən bir daha xatırladırıq ki, imtahanla bağlı hər hansı müraciəti və ya sualı olan müəllimlər mütləq şəkildə apellyasiya mərhələsindən istifadə etməlidirlər.

Müraciətlər emal ediləndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Seçilən
4
editor.az

1Mənbələr