AZ

Yüksək bal toplayan abituriyent: Atam kimi savadlı həkim olmaq istəyirəm

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 20 iyun, Aysel Azadqızı, AZƏRTAC

2025-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə ən yüksək nəticəsini göstərən abituriyent Aylin Xəlilova olub. O, 697.5 bal toplayıb.

Təəssüratını AZƏRTAC-ın müxbiri ilə bölüşən Aylin bildirir ki, imtahana hazırlıq prosesinə 10 və 11-ci siniflərdə repetitor dəstəyi ilə başlasa da, təməli çox əvvəldən qoyulub: “Birinci sinifdən bəri yaxşı oxuyan şagird olmuşam. Dərsə münasibətim həmişə ciddi olub. Sadəcə, texniki yönümlü olduğum üçün humanitar fənlərdən, xüsusilə Azərbaycan dilindən bir qədər çətinlik çəkirdim. İmtahanda səhv cavab verdiyim sual da məhz Azərbaycan dilindən oldu”.

Aylin gələcək planları barədə danışarkən deyir ki, tibb sahəsini seçməsi təsadüfi deyil: “Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə təhsil almağı planlaşdırıram. Özümü gələcəkdə həkim kimi görürəm. Atam da həkimdir və mən onun kimi savadlı, məsuliyyətli bir mütəxəssis olmaq istəyirəm. Bakalavriat səviyyəsini burada başa vurduqdan sonra Almaniyada təhsilimi davam etdirməyi planlaşdırıram”.

Müsahibimiz yüksək nəticə əldə etsə də, bu yolda yalnız oxumağın kifayət etmədiyini düşünür: “7/24 dərs oxumaq məncə düzgün deyil. İnsan həm dərslərinə, həm dostlarına, həm də öz istirahətinə vaxt ayırmalıdır. Mən də çalışırdım ki, düzgün vaxt bölgüsü ilə hər şeyi çatdırım”.

Hobbi və məşğuliyyətlərə gəlincə, Aylin açıq danışır: “Hobbim olmayıb. Boş vaxtlarımda sosial şəbəkələrdə vaxt keçirirdim, dostlarımla görüşürdüm. Bu da mənim üçün bir növ enerji mənbəyi idi”.

Qeyd edək ki, Aylin Xəlilova biologiya üzrə respublika fənn müsabiqəsində gümüş medala layiq görülüb. Qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyatdan keçmədiyini bildirən abituriyent deyir: “Maksimal nəticə əldə etdiyim üçün ikinci mərhələdə iştirak etməyə ehtiyac duymuram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
azertag.az

3Mənbələr