AZ

“Getsəydim, bəlkə də nəticə belə olmazdı” – Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkim üzr istədi

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sənan Mehdiyevin vəkili vəsatətlərlə çıxış edib.

Vəkil istintaq zamanı müstəntiqin qanun pozuntularına yol verdiyini əsas gətirərək müstəntiqin məhkəməyə çağırılmasını istəyib.

Eyni zamanda, bildirib ki, mərhum Nəzrin Mənsurlu özünü pis hiss etdiyi zaman onu yoxlamağa gələn həkim əlavə dərmanlar verib və heç bir sənədləşmə olmadan mənzili tərk edib: “Biz təcili yardım personalının hüquq və vəzifələri ilə bağlı bağlı Səhiyyə Nazirliyi və TƏBİB-ə sorğular vermişik. Lakin nəticəsiz qalıb. Məhkəmədən həmin qurumlara sorğu verilməsini xahiş edirik”.

Vəkil qeyd edib ki, xəstə yanvarın 3-də əməliyyat olunub, Sənan Mehdiyev ona 6-7 dəfə zəng edib: “Bununla bağlı anten məlumatları da var. Məhkəmədən xahiş edirəm ki, həmin sənəd zərərçəkənlərə, proses iştirakçılarına nümayiş edilsin”.

Vəkil qeyd edib ki, bəzi sənədlərdə müvəkkilinin adından sənədlər imzalanıb, amma onları Sənan Mehdiyev imzalamayıb.O, məhkəmədən xəttşünaslıqla bağlı elspertiza təyin edilməsini xahiş edib.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Fərid Mənsurlu bildirib ki, həyat yoldaşının ölümünə səbəb onun meningit olması olub: “Burada deyilir ki, həkim bizimlə əlaqə saxlayıb. Bu, belə deyil. Bizim əlaqə saxladığınız şəxs həkim köməkçisi olub. Ayın 5-i Sənan həkim bizimlə əlaqə saxlayıb. O vaxtadək Sənan Mehdiyevin bizimlə telefon danışığı olmayıb”.

Məhkəmə sorğuların verilməsi ilə bağlı vəsatətləri təmin edib.

Xəttşünaslıqla bağlı ekspertiza keçirilməsi və müstəntiqin məhkəmə çağırılması ilə bağlı vəsatət baxılmamış saxlanılıb.

Zərərçəkən tərəfin vəkili bildirib ki, Nəzrin Mənsurlu vəfat etdikdən sonra Səhiyyə Nazirliyi həmin xəstəxanada yoxlama aparıb: “Yoxlamalardan sonra həkim barəsində protokol tərtib olunub. Bununla bağlı Səhiyyə Nazirliyinə sorğu verdik. Lakin sorğumuz cavabsız qaldı. Məhkəmədən həmin sorğuların əldə olunması üçün Səhiyyə Nazirliyinə sorğu verilməsini xahiş edirik”.

Daha sonra Sənan Mehdiyev sərbəst ifadə verib. O, hadisədən kədər hissi keçirdiyini bildirib və Nəzrin Mənsurlunun yaxınlarından üzr istəyib: “Mən istəməzdim bizim növbəti görüşümüz məhkəmə zalında baş tutsun. Mən hadisəyə görə üzr istəyirəm. Telefon danışığı epizodu üzrə deyə bilərəm ki, bizim telefon danışıqlarımız olub. Fərid nə zaman zəng edibsə, mən cavablamışam. Lakin Fərid bəy deyir ki, Sənan Mehdiyevin nömrəsi, ümumiyyətlə, onda olmayıb. Mənim mobil nömrəm hər zaman sosial şəbəkədə qeyd olunub. Mənə bütün xəstələr zəng edəndə hər zaman cavablamışam, o cümlədən, Fərid bəydən gələn bütün zənglərə cavab vermişəm. Bizim mesajlarımız da mövcuddur. Lakin Fərid bəy həmin mesajları istintaqa təqdim etmədi”.

Daha sonra məhkəmə istintaqının başlandığı elan edilib. Prokuror ittiham aktını elan edib.

İttihama görə, həkim əməliiyat edən zaman laqeyd yanaşaraq burun sümüyünün sındırılması üçün istifadə edilən alətlə ehtiyatsız davranaraq Nəzrin Mansurlunun burun, alın və ön çənə sümüklərinin əlavə sınıq xəsarətlərinin yetirilməsinə səbəb olub. Daha sonra apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında mütləq tibbi tədbirlərin təyinatının dəqiqləşdirilməsi, onun nəzarət altında qalmasını təmin etmədən, eləcə də 2025-ci ilin yanvarın 5-də xəstə barədə məlumat əldə etmədən onun vəziyyətinin ağırlaşması ilə bağlı “Bona Dea”xəstəxanasına yerləşdirilib.

İttihamda göstərilib ki, 12 yanvar 2025-ci ildə “Bona Dea” Xəstəxanasında Nəzrin Mansurlunun həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərinin sındırması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Təqsirləndirilən Sənan Mehdiyev iş üzrə özünü təqsirli bilməyib və istintaqa verdiyi ifadəni təsdiq edib.

Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablayıb.

Həkim suallara cavab olaraq deyib ki, Nərzin Mənsurlu sonuncu dəfə xəstəxanaya gələndə o da gəlib: “Mən xəstəxanaya gəlməmişdən öncə onun yanına getməli idim. Getsəydim, bəlkə də nəticə belə olmazdı. Bunun üçün üzr istəyirəm”.

Məhkəmənin növbəti prosesi iyunun 30-da keçiriləcək.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
7
32
heftelik.az

10Mənbələr