Futbol üzrə Argentina millisinin ulduz hücumçusu Lionel Messi Amerika Birləşmiş Ştatlarının “İnter Mayami” klubunun tarixinə düşüb.
Arena.az xəbər verir ki, 37 yaşlı forvard klub tarixində 50 qol vuran ilk oyunçu olub.
Bu, klublararası dünya çempionatınnın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş “Portu” ilə oyunda (2:1) reallaşıb. Argentinalı futbolçu bu görüşün 54-cü dəqiqəsində cərimə zərbəsindən fərqlənib. Bu, Messinin “İnter Mayami”nin heyətində 50-ci qolu olub.
Qeyd edək ki, ABŞ klubunun bombardirləri siyahısında Luis Suares (33) ikinci, Leonardo Kampana (32) üçüncüdür.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 22 oyuna 16 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 61 oyun, 50 qol və 24 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 193 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.