Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib ki, ölkədə hazırda 650 hakim fəaliyyət göstərir. Məqsəd gələn ilin sonuna kimi hakimlərin sayını 800-ə çatdırmaqdır.Mövzu ilə bağlı Demokrat.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ölkədə məhkəmə hakimlərinin sayının artırılması son illərdə diqqət mərkəzində olan məsələlərdən biridir:“Əvvəllər hakimliyə namizədlər 7 mərhələli imtahan sistemindən keçirdilərsə, sonrakı illərdə bu sistem sadələşdirilərək 5, daha sonra isə 3 mərhələyə endirildi. Hazırda namizədlər test və yazılı imtahandan keçdikdən sonra təlim mərhələsinə buraxılır və yekun qiymətləndirmədən sonra hakim təyin olunurlar. Hakimlərin sayının artırılması, əlbəttə ki, məhkəmə sisteminin yüklənməsinin azaldılması baxımından müsbət addımdır. Lakin burada əsas məsələ kəmiyyət deyil, keyfiyyət olmalıdır. Son illərdə təyin olunan bəzi hakimlərin qəbul etdiyi qərarlar, yazdıqları qətnamələr və keçirdikləri məhkəmə iclaslarında qanunvericiliyin tələblərinin pozulması halları müşahidə olunur. Bu isə göstərir ki, bəzi hakimlər hüquqi araşdırmaları tam və keyfiyyətli şəkildə həyata keçirməkdə çətinlik çəkirlər”.Hüquqşünas əlavə edib ki, yalnız rəqəmlərə əsaslanaraq hakim sayı artırılarsa, nəticədə qərarların keyfiyyəti və vətəndaşların məhkəməyə olan inamı zərər görə bilər:“Bu səbəbdən də Məhkəmə-Hüquq Şurası tərəfindən həm hakimlərin seçimi, həm də fəaliyyətinə nəzarət prosesi gücləndirilməlidir. Hakimlərin yalnız nəzəri biliklə deyil, praktik bacarıqlarla da təchiz olunması vacibdir. Digər tərəfdən, məhkəmələrin iş yükü də nəzərə alınmalıdır. Hazırda bir çox hakimlərə normadan artıq iş düşür, bu isə həm qərarların qəbuluna, həm də onların keyfiyyətinə birbaşa təsir göstərir. Odur ki, həm say, həm də səriştə baxımından balanslı yanaşma ölkə məhkəmə sisteminin inkişafı üçün əsas şərtdir”.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.