AZ

Məktəbəhazırlıq qrupları: Vacib mərhələ,  formal tədris - Nələr dəyişməli?

Öncə vacib bir elan

Sabahdan etibarən 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul başlayır. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.

Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq.

Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

 

Məktəbəhazırlıq qrupları-əsas mahiyyəti

 

Orta ümumtəhsil müəssisələrində 2016-cı ildən bu yana  fəaliyyət göstərən məktəbəhazırlıq qrupları 5-6 yaş aralığındakı azyaşlıların formalaşması üçün çox uğurlu prosesdir.  Onu qeyd edək ki, hazırda ölkə məktəbləri üçün nəzərdə tutulmuş məktəbəhazırlıq proqramının nəzəri əsasları həddindən artıq yüksək peşəkarlıqla hazırlanıb, beynəlxalq təhsil trendləri, onların tələb etdikləri əsas normalara xüsusi diqqət yetirilib. 5-6 yaş aralığı insanın şəxsiyyət kimi formalaşması üçün zəruri olan bacarıqların bir çoxunu özündə daha yüksək səviyyədə  əks etdirən və fərdin xarakterinin düzgün formalaşmasına yardımçı olan həssas dövrdür. Məktəbəhazırlıq qrupları ilə də bağlı beynəlxalq normalara əsaslanan meyarlar bizdə də çox dəqiqliklə nəzərə alınıb, azyaşlının təhsilin əsl missiyası istiqamətinə-şəxsiyyətyönümlü inkişafına ciddi təkan vermək gücündədir.

162899

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Təkcə keçirilən dərslərin adına baxsaq, prosesin nəzəri əsaslandırılmasının çox böyük ustalıqla aparıldığını görə bilərik. Həqiqətən də adıçəkilən məşğələlər dünya təcrübəsində 5-6 yaş aralığındakı uşaqların zehni, psixoloji inkişafı üçün nəzərdə tutulub. Çünki orta məktəb çağlarında üzləşəcəkləri modern fənn kurikulumları, onların məzmun standartları və tələblərinə müsbət  cavab vermək üçün şagird öncə bu məşğələlərdən, onların diktə edəcəyi vərdişlərdən keçməlidir. Bəs, bu müsbət nəzəri əsaslandırmalar praktiki şəkildə nə dərəcədə keyfiyyətli şəkildə tədris olunur? Bu haqda az sonra...

Hələlik isə məktəbəhazırlıq qruplarının azyaşlının zehni və psixoloji formalaşması  üçün bəzi müsbət meyarlarına diqqət yetirək:

-Məktəbə effektiv hazırlıq və sürətəndirilmiş adaptasiya;

-Didaktik (öyrədici) oyunların tətbiqi və onun zehni inkişafdakı rolu;

-Azyaşlının iradi, sosial və şəxsi inkişafı və bu istiqamətdə metodların hazırlanması;

-Azyaşlının anatomik-fizioloji inkişafı  üçün  təməl addımların atılması və bu istiqamətdə zəruri proqramın hazırlanması;

-Azyaşlılarda innovativ  düşüncə tərzinin formalaşdırılması üçün təməl addımların formalaşdırılması;

-Nitqin inkişafı, fikirlərin əyani formada daha dürüst şəkildə təqdimi.

-Azyaşlılarda sxematik təfəkkürün oyadılması.

Siyahını təbii ki, artırmaq da olar. Amma təqdim edilən meyarlardan da göründüyü kimi məktəbəhazırlıq qruplarının məsuliyyəti və üzərində düşən ciddiyyəti, ağırlıq1 dərəcəsi həddindən artıq çoxdur. Fərdin şəxsiyyətyönümlü inkişaf mexanizminin əsas detalları məhz bu yaş qrupunda formalaşdığında, 5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulan təhsil proqramları həddindən artıq həssaslığı ilə seçilir.

Məktəbəhazırlıq beynəlxalq təcrübədə-örnək nümunələr

Beynəlxalq təcrübədə 5-6 yaş qrupları üçün hazırlanan xüsusi tədris proqramlarında onların zehni, psixoloji hazırlığı ilə yanaşı,metodiki vərdişlərinin artırılmasına da diqqət göstərilir.

Məsələn, Sinqapurda məktəbəhazırlıq iki tədris proqramından keçir. Bu proqramlar əsasında azyaşlı  estetika və yaradıcı ifadə, dünyanı öyrənmək, kəşf etmək, dil və savad, motorika bacarıqlarının inkişafı, sayma-hesablama bacarığı, sosial və emosional inkişafı mənimsəməlidir.

 

Orada məktəbəhazırlıq mərhələsini bitirib, məktəbə qəbul olmaq istəyən şagirddən isə bu keyfiyyətlər tələb olunur: sosial normalar və qaydaları bilmək, başqasının mövqeyini dəstəkləməyə hazır olmaq, anlaşmaq, qarşılıqlı təsir və ətrafdakılarla ünsiyyət bacarığına malik olmaq, hər şeylə maraqlanmaq və araşdırmağı bacarmaq, dialoqa girməyi bacarmaq adekvat özünüdəyərləndiməni bacarmaq və öz-özü ilə razılaşmaq, yaxşı inkişaf etmiş fiziki koordinasiyaya, sağlam vərdişlərə malik olmaq, yaradıcı potensialı formalaşmaq, öz ailəsini, dostlarını, müəllimlərini, eləcə də məktəbdəki müəllimlərini sevmək və hörmət etmək.

 İngiltərədə isə məktəbəhazırlıq yaşında olan uşaqlara məcburi şəkildə də olsa tapşırıqların həlli zamanı mütləq və mütləq haradasa səhv etməyi öyrədirlər. Diqqət edək, düzgün həll yox, məhz yanlışlıq istənilir. Çünki yanlışlığa yol verən uşaq onu aradan qaldırmaq üçün mütləq düşünəcək, öz yaradıcı potensialı ilə analitik imkanlarını genişləndirəcək və bu onda sonradan xüsusi vərdişə çevriləcək. Bu cür azyaşlılar sonradan orta məktəb təhsilinə başlayanda da bir çox məsələlərin həllində digər həmyaşıdlarından daha uğurlu olurlar.

 Yaponiya cəmiyyəti üçün bu yaş aralığı, məktəbəhazırlıq prosesi  tamam ayrı kult hesab olunur. İlk olaraq bunu qeyd edək ki, orada bu proses bizdəki kimi könüllü yox, icbaridir.  Yapon düşüncəsinə görə ailə başçısı məktəbəhazırlıq mərhələsində uşaqlara zəruri olaraq öyrədilənlərin hamısını öyrətməyə borcludur. Bunun üçün ailə başçıları xüsusi kurslara gedib zəruri biliklər öyrənirlər.

Məktəbəhazırlıq prosesi daha çox dövlət yox özəl tədris müəssisələrində aparılır və 80% uşaq məktəbə  məhz buradan yollanır. Amma özəl məktəbəghazırlıq təhsil müəssisələrinin təlim-tərbiyə sistemləri arasında ciddi bir fərq yoxdur.  Məktəbəhazırlıq təhsil sistemlərində ödəniş haqqı valideynlərin gəlirlərinin miqdarı, evdəki uşaqlarının sayı, neçənci uşağın bağçaya getməsi ilə müəyyən edilir.

 

Yaponlarda 5-6 yaşlı uşaqların təlim-tərbiyə edilməsinin öz fəlsəfəsi, öz prinsipləri, normaları vardır. Bu təlim-tərbiyədə əsas, mühüm olanlar aşağıdakılardır:  

-Hələ lap əvvəldən, yəni, körpənin 1 yaşı olanda artıq özünəinam hissi olmalıdır. Onda qorxu hissi olmamalıdır. Yəni beşikdə, daha sonrakı dövrdə  qaranlıqdan, tək qalmaqdan, bağlandığı adamdan ayrılmaqdan, üstünə qışqırmaqdan və s. qorxusu olmamlıdır.

 -2  yaş olanda uşaqda əl işlərinə, bu sahədəki yaradıcılığa ciddi marağı, həvəsi olmalıdır. Bunun üçün onunla xüsusi olaraq məşğul olmaq lazımdır. Misal üçün, müxtəlif rəngli kağız parçalarını, kubikləri, şarları, vərəqləri yan-yana qoyaraq hansısa bir fiqur düzəltmək, sonra bu işi ona təklif etməklə onun belə bacarıqlarını xeyli inkişaf etdirmək olar.

Bu yanaşmalar 5 yaşadək davam edir. 5 yaşda isə yapon azyaşlı daha həyati, mənəvi məsələlərlə bağlı ilkin biliklərlə təmin olunur. O artıq məktəbə yollanan zaman bir çox dəyərlərdən məlumatlı olmuş olur. Beləliklə, yapon təhsilində məktəbəhazırlıq mərhələnin bir adı da milli və mənəvi dəyərlərin tədris prosesinə qədər şagirdə ötürülməsidir.

162898Məktəbəhazırlıq prosesi-mənfi və formal tərəflər

 

Məktəbəqədər dövrün zəruriliyi ilə bağlı nə qədər danışsaq azdır. Yuxarıda sadalanan meyarlarla yanaşı, həm də toxunmadığımız bir çox vacib göstəriclər də vardır.  Məsələn, hazırlıq dövrünün sonunda məşğələlərdən uğurla keçən azyaşlında obrazlı təfəkkür son dərəcə konkret və situativ olur. Uşaq nəinki əşyanı əlamətlərinin rəngarəngliyi ilə təsəvvür edir, o, eyni zamanda onun mühüm xüsusiyyət və əlaqələrini də seçməyə qadir olur. Onda artıq əyani-sxematik təfəkkür formalaşır. Bu təfəkkür növü uşağın əşyanın müxtəlif sxematik təsvirlərini  anlamasını və uğurla istifadə etməsini bildirir. Uşaqlar şərti təsvirlərin daha da mücərrəd əlaqələrini anlamağa başlayırlar. Əgər məktəbəqədər dövrdə uşaqda əyani-obrazlı təfəkkür kifayət qədər formalaşmayıbsa, I sinifdə o, söz və cümlələrin sxemlərini tərtib etməkdə, şərti işarələr və oxlar vasitəsilə riyazi məsələlərin şərtini düzgün yazmaqda çətinlik çəkir. Məktəbəqədər dövrdə uşaqlarda məntiqi-mücərrəd təfəkkürün əsasları qoyulur. Bu, mücərrəd mühakimə yürütmə bacarığı tələb edir. 5-6 yaşlı uşaqlarda məntiqi mücərrəd təfəkkürün əsasları əyani-obrazlı təfəkkürə əsaslanır və onun təbii davamı kimi inkişaf edir.

Göründüyü kimi, məktəbəhazırlıq qrupları və orada keçirilən təlim-məşğələlər aysberqin görünən tərəfi rolunu oynamaqdadır. Aysberqin görünməyən tərəfi isə realda olduğu kimi bu məsələlərdə daha dərin imiş. Elə isə nə etməli?! Sırf bu tədris növünü daha da vacib müstəviyə keçirilməsi, ona olan münasibət və ciddiyyətin daha da artırılması tədris adına böyük məsuliyyət kimi dəyərləndirilməlidir. Sırf bu meyarları nəzərə alaraq deyə bilərik ki, məktəbəhazırlıq qrupları könüllü yox, birbaşa icbari xarakter daşımalıdır. Doğrudur, bir çox valideynlər bu təkliflə qətiyyən razılaşmayacaq, hətta kəskin iradlardan belə yan keçməyəcəklər. Onları da anlamaq lazımdır. Ən azından. zaman, əlavə öhdəlik, əlavə maddi və psixoloji yüklənmə heç kəsə lazım deyil. Amma yuxarıda qeyd olunan meyarlar məktəbəhazırlığın şagird üçün nə dərəcədə vacib olduğunu bir daha göstərmiş olur. Elə isə bizim uşaqlar nə səbəbə bu məziyyətlərdən uzaq olsunlar?!

Üstəlik, məktəbəhazırlıq mərhələnin icbari olmasının bir üstünlüyü də var: bilirik ki, hazırda bu proses könüllü xarakter daşıyır. 5 yaşında olan uşaqların bir qismi məktəbəhazırlığa gedir, müəyyən qismi isə yox. Məktəb dövründə isə getməyən qisim bir çox məsələlərdə öz həmyaşıdlarından geri qalmış olur. Bu gerilik isə bütün tədris həyatı boyu həmin şagirdi izləyir və izləyəcəkdir. Nəticədə o, həm təhsil həyatında, həm də həyatın müxtəlif inkişaf mərhələlərində bir çox boşluqlar və uğursuzluqlarla üz-üzə qalmış olacaq.

Növbəti məsələ isə məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərdir. Bu mərhələ üçün ayrıca müəllim cəlb olunmur,  yalnız hazırda ibtidai təhsilin 4-cü sinifdə dərs deyən müəllim elektron seçmə üsulu ilə hazırlıq qrupuna cəlb olunur və növbəti il ibtidai pillədə 4 illik tsikldə həmin şagirdlərin tədrisini aparır. Prinsipcə çox uğurlu metoddur. Amma bunu daha uğurlu etmək üçün atılası digər vacib addımlar biri də məktəbəhazırlıq qruplarında dərs deyən müəllimə əlavə təlim və treninqlərin keçirilməsi, onun həm də bu yaş aralığı üçün zəruri olan tədris bacarıqlarını inkişaf etdirməkdir. Yuxarıda sadalanan meyarlardan da aydın olduğu kimi məktəbəhazırlıq mərhələsi çox ciddi və fərqi tədris prosesidir. Onun özünəməxsus spesifik tələb və bilgiləri vardır. Ona dırnaqarası, formal yanaşdıqda təhsilimiz həddindən artıq böyük itkiləri yaşamış olacaqdır. Odur ki, ibtidai sinif müəllimlərinin məktəbəhazırlıq proqramlar çərçivəsində inkişafı istiqamətində ciddi nəzarət, monitorinq və maarifləndirici tədbirlərin həyata keçirilməsi mütləqdir. Əks halda, biz bu cür vacib tədris mərhələsindən heç bir effekt gözləyə bilmərik. Amma yenə də təəssüf ki, 4 il ard-arda ibtidai sinifdə məktəb proqramı əsasında şagirdlərə dərs deyən ibtidai sinif müəllimi demək olar, heç hazırlıq və əlavə özünü inkişaf proqramı keçmədən məktəbəhazırlıq proqramının tədrisinə başlayırsa, demək, bizim bu prosesə baxışımız da çox formaldır.

 

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Seçilən
9
2
azedu.az

3Mənbələr