Xəbər verdiyimiz kimi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova "Cebheinfo.az"-a açıqlamasında xəstəxanada genetik xəstəliklərin erkən diaqnostikası və müalicəsi istiqamətində görülən işlər barədə danışıb.
O bildirib ki, "Prioritet xəstəlik" anlayışı üzrə konkret bir nümunə verə bilməz:
"Bizdə qeydiyyatda olan əsas hallar genetik və nadir xəstəliklərlə bağlı deyil. Məsələn, serebral iflici və autizm diaqnozu olan uşaqlar da var. Həmin uşaqlar da bizim nəzarətimiz altındadır. Müəyyən aralıqlarla onlar müayinələrə cəlb olunurlar.
Bildirim ki, TƏBİB-in təşəbbüsü ilə pediatrik konsultasiya qrupu yaradılıb. Bu qrup TƏBİB-in Ana və Uşaq şöbəsinin əməkdaşları, yerlərdə fəaliyyət göstərən tibb müəssisələrinin baş həkimləri və pediatrik şöbə müdirlərindən ibarətdir. Hər hansı bir ciddi xəstəlik aşkarlandıqda, həmin qrup tərəfindən daha dərin diaqnostik müayinələrin aparılması üçün xəstələr Bakı şəhərinə yönləndirilir. Yəni xəstələr, xüsusilə uşaqlar nəzarətsiz qalmırlar".
Günay Muradova qeyd edib ki, ilkin diaqnostika baxımından xəstəxanada bütün şərait mövcuddur:
"Laboratoriyamız "Referans" podratçı şirkətə məxsus 3-cü səviyyəli laboratoriyadır. Ehtiyac yarandıqda genetik analizləri özümüz aparırıq, bacarmadığımız hallarda isə nümunələri ixtisaslaşmış mərkəzlərə göndəririk.
Laborator xidmətlər baxımından heç bir problemimiz yoxdur. Digər müayinə üsulları da mövcuddur. Hətta skrininq məqsədilə istifadə edilən "Beratest" avadanlığı ilə təmin olunmuşuq. Gələcəkdə bu sahədə daha da inkişaf etməyi planlaşdırırıq".
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktorunun sözlərinə görə, yeni doğulan körpələrdə daban qanı skrininqi aparılır və müayinə nümunələri "Yeni Klinikaya" təqdim edilir:
"Xəstəxanamızda yoluxucu xəstəliklər şöbəsi də fəaliyyət göstərir və infeksionist həkimlərimiz burada çalışırlar. Ən çox müraciət olunan sahələr terapevtik xidmətlər, ultrasəs müayinələri, laborator analizlər və oftalmoloji xidmətlərdir. Xüsusilə şəkərli diabet, ürək-damar xəstəlikləri və katarakta ilə bağlı müraciətlər kifayət qədər çoxdur. Bütün bu xidmətlər kompleks şəkildə göstərilir".