Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Sabirabad rayonunda vətəndaşlarla görüşüb. Dövlət komitəsinin mətbuat xidmətindən baki-xeber.com-a bildiriblər ki, görüş zamanı Sabirabad, Saatlı və İmişli rayon sakinlərinin müraciətləri dinlənilib. Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında hüquqi yardım, uşaqların müalicəsi, işlə təmin olunma, sosial dəstəyin göstərilməsi və digər məsələlər yer alıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq icraata götürülüb.
Günel CƏLİLOVA