AZ

Qeyri-Hökumət Təşkilatlarının səhiyyə sahəsindəki rolu: Deputatdan AÇIQLAMA

Qeyri-hökumət təşkilatları (QHT-lər) müasir cəmiyyətin sosial və iqtisadi inkişafında mühüm rol oynayır, xüsusilə səhiyyə sahəsində.

Bu təşkilatlar məlumatlılıq və maarifləndirmə ilə yanaşı, sosial ədalətin təmin olunmasında və zəif qrupların müdafiəsində də fəal iştirak edirlər. Dövlət-QHT əməkdaşlığı, səhiyyə siyasətlərinin daha effektiv həyata keçirilməsinə və xidmətlərin əlçatan olmasına kömək edir. Bu əməkdaşlığın inkişafı üçün hansı addımlar atılmalıdır?

Bu suala cavab olaraq, Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva QHT.az-a açıqlamasında QHT-lərin səhiyyə sahəsindəki rolunu və onların dövlətlə əməkdaşlıq imkanlarını genişləndirən təkliflər irəli sürüb. O, ölkəmizdə fəaliyyət göstərən ictimai birliklərin səhiyyə maarifçiliyi və məlumatlılığının artırılmasına yönələn işlərini və sosial vəkillik fəaliyyətlərini vurğulayır:

"Ölkəmizdə səhiyyə sahəsində fəaliyyət göstərən kifayət qədər ictimai birlik və assosasiyalar mövcuddur. Onların fəaliyyəti səhiyyə maarifçılıyi və məlumatlılığının artırılmasına yönəlməklə yanaşı bu sahədə ictimai vəkillik, eləcə də tədqiqat fəaliyyətlərini də əhatə edir. Bununla yanaşı, bəzi ictimai birliklər həssas əhali qruplarına xidmət də göstərirlər. Bu cür çoxşaxəli fəaliyyət digər sahələr üçün də nümunə ola bilər. Bu, dövlətimiz tərəfindən aparılan səhiyyə siyasətində inkluzivliyə və vətəndaş cəmiyyətinin roluna verilən önəmdən irəli gəlir".

Deputat həmçinin bildirib ki, Milli Məclisin Səhiyyə Komitəsi tərəfindən keçirilən ictimai dinləmələrdə vətəndaş cəmiyyəti nümayəndələri də iştirak edərək öz benefisiarlarının problemlərini hökumət üzvlərinin diqqətinə çatdıra bilir. Bu isə vətəndaş cəmiyyətinin qərarların qəbulu prosesinə cəlb edilməsini və ümumilikdə, ölkənin səhiyyə siyasətinin təkmilləşdirilməsində bütün maraqlı tərəflərin dinlənilməsinə verilən önəmin bariz nümunəsidir. Eyni zamanda pasiyent birliklərini təmsil edən QHT-lərin də advokasiya fəaliyyətlərini təşviq edir:

"Səhiyyə ilə əlaqəli bir sıra qanunlarımızda da ictimai birliklərin rolu qeyd olunur. “Tibbi sığorta haqqında qanunda” ictimai birliklərin rolunun qeyd olunması dövlət-QHT əməkdaşlığını daha da gücləndirməyə xidmət göstərir. Hesab edirəm ki, səhiyyə QHT-ləri ilə Milli Məclisin üzvləri arasında səmərəli əməkdaşlıq və dialoq mövcuddur, onlardan gələn təklif və tövsiyyələr Milli Məclis üzvləri tərəfindən diqqətə alınır və həlli istiqamətində işlər görülür".

Pərvanə Vəliyeva bildirib ki, bir müddət öncə Milli Məclisdə qəbul edilən tibb mütəxəssislərinin setifikasiyası ilə bağlı yeniliklər bu sahədə fəaliyyət göstərən ictimai birliklər üçün də yeni tərəfdaşlıq imkanları açacaqdır:

"Belə ki, layihəyə görə, davamlı peşəkar inkişaf üzrə elmi və ya tədris tədbirlərini tibb mütəxəssislərini birləşdirən və təsis sənədlərində tibb mütəxəssislərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi müəyyən edilən ictimai birliklər də həyata keçirəcək. Bununla da səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lər davamlı peşəkar inkişaf təminatçılarının siyahısına düşə bilər, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş tədbirlər həyata keçirə bilər və bununla tibb mütəxəssislərinə kredit balları təmin edilə bilər. Bu praktika öncələr də mövcud idi, lakin QHT-dövlət əməkdaşlığı çərçivəsində birgə tədbirlərdə kredit balları təmin edilə bilirdi. İndi isə ictimai birlik təkbaşına təşkil etdiyi tədbirini də akkreditasiyadan keçirə bilər".

Ardı var...

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
5
qht.az

1Mənbələr