"Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir." Bu Ulu Öndər Heydər Əliyevin ordu haqqında dediyi fikirlərdən biridir. Azərbaycan ordusu Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il 26 iyun tarixində yaradılmışdır. Lakin Cümhuriyyət işğala məruz qaldıqdan sonra təbii olaraq, ordu quruculuğu da süquta uğramışdır. Azərbaycanın tarixində baş verən kədərli hadisələrə baxmayaraq ölkəmiz 1991-ci il tarixində yenidən müstəqilliyinə qovuşdu.
Beləliklə, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bir çox sahələrdə olduğu kimi ordu quruculuğunda da köklü dəyişikliklər həyata keçirildi və bu sahəyə diqqətin ayrılması xüsusi önəm kəsb edirdi. Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Məlumdur ki, həmin dövrdə Azərbaycan torpaqlarının bir hissəsi işğala məruz qalmışdır. Bu səbəbdən də, bu istiqamətdə təkmilləşdirici tədbirlərin görülməsi prioritet məsələ idi. Təbii olaraq, güclü orduya sahib olmaq üçün həmin ölkə iqtisadi cəhətdən inkişaf etməlidir. Buna görə də, ilk olaraq "Əsrin Müqaviləsi" imzalandı. Ümummilli Lider Heydər Əliyev neft sahəsində belə bir addım atmaqla ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına böyük töhfə vermiş oldu. Daha sonra hərb sahəsində yeniliklər tətbiq edildi. Belə ki, Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər.
Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beləliklə, Azərbaycan ordusu NATO standartlarına uyğun modern orduya çevrildi.
Ulu Öndər Heydər Əliyevin orduda tətbiq etdiyi yeniliklər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlətimizin qarşısında duran əsas məqsəd torpaqlarımızın işğaldan azad olunması idi. Elə bu məqsədlə də, nəinki orduda, eləcə də beynəlxalq siyasi arenada güclənmək lazım idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğuna, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Azərbaycan ordusunun gücün, qüdrətin tək xalqımız deyil dünya gördü. Bu gün Azərbaycan ordusu dünya reytinqində ön sıralarda yer alır. Bunu ordumuz İkinci Qarabağ Müharibəsində öz gücü ilə, vətənpərvər ruhu ilə sübut etdi. Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz 30 ildən çox düşmən işğalında olan torpaqlarımızı azad etdi. Bu qələbə öz canını, qanını heçə sayıb öncə Vətən deyən igid, qəhrəman əsgərlərimiz hesabına ədə edilmiş qələbədir. Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini dünyaya göstərdi. Xalq-ordu birliyinin yenilməz olduğuna bütün dünya bir daha şahidlik etdi. Eləcə də antiterror əməliyyatları nəticəsində bir qarış torpağımız belə düşmən tapdağı altında qalmadı. İndi bütün Qarabağda Azərbaycanın şanlı bayrağı dalğalanır. Bu o bayraqdır ki, onun üçün yüzlərlə gəncimiz öz həyatını, gələcəyini buna qurban verdi. Bu bir daha Azərbaycan xalqının necə vətənpərvər ruhda olduğunu göstərdi. "Ordun varsa, yurdun var" cümləsi əməli olaraq da öz təsdiqini tapdı. Belə ki, güclü ordumuz hesabına öz yurdlarından didərgin düşmüş minlərlə məcburi köçkün bu gün öz doğma yurdlarına qayıdırlar. Bu gün azad olunmuş Qarabağda bərpa-quruculuq işləri yüksək sürətlə, ən yaxşı şəkildə həyata keçirilir. Təbii ki, məqsəd hər kəsi tez bir zamanda öz vətənlərinə qovuşdurmaqdır.
Onu da qeyd edim ki, artıq ermənistanla sərhədlərin bir hissəsi rəsmi olaraq təsdiqlənib. Və bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi güclü ordunun qüdrətinin, siyasi arenada söz sahibi olmağının nəticəsidir. Bu gün müasir standartlara uyğun təkmilləşən ordumuzun, ən yeni silahlara sahib olan Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi dünya hərb məktəbləri tərəfindən öyrənilir və öyrədilir.
Prezident İlham Əliyev: "Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi". Bəli, artıq Prezidentin dediyi kimi erməni mifi məhv oldu. Bu onu göstərdi ki, erməni ordusu yoxdur, müəyyən qüvvələrin hesabına torpaqlarımızı işğal etmiş işğalçı, təcavüzkar ermənilər var.
Bu gün biz fəxrlə, qürurla ordumuzdan danışırıq. Hər bir Azərbaycanlının qəlbində Vətən sevgisi yaşadıqca, daim var olduqca Azərbaycan da yaşayacaqdır.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru