AZ

Belarus Azərbaycanda baytarlıq preparatlarının istehsalı üzrə birgə müəssisə yaratmağı planlaşdırır

Belarusa məxsus "BelVitunifarm" ASC Azərbaycanda baytarlıq preparatlarının istehsalı üzrə birgə müəssisə yaradır.

“Report” Belarusun "Vitbiçi" nəşrinə istinadən xəbər verir ki, bu barədə "BelVitunifarm"ın baş direktoru İlya Darovskix bildirib.

"Baytarlıq preparatlarının istehsalı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bazasında təşkil olunur. Vitebskdən olan mütəxəssislər azərbaycanlı həmkarları ilə birlikdə quduzluğa qarşı inaktivləşdirilmiş vaksin və vaksin tərkibli yem istehsalını təşkil edəcəklər", - o qeyd edib.

Baş direktorun sözlərinə görə, vitebskli istehsalçı birgə müəssisəyə töhfə olaraq texnologiyalar təqdim edəcək və əsasən Belarus istehsalı olan avadanlıqlarla təchizatda azərbaycanlı tərəfdaşlarına köməklik göstərəcək.

"Layihənin həyata keçirilməsi Belarus və Azərbaycan arasında yüksək səviyyəli siyasi əməkdaşlıq sayəsində mümkün olub. Bu etibarlı əməkdaşlığın təməlində iki ölkənin liderlərinin münasibətləri durur", - İ.Darovskix bildirib.

Onun sözlərinə görə, vaksin istehsalının Azərbaycan bazarında lokallaşdırılması yüksək effektli preparatları yerli istehlakçılar üçün daha əlçatan etməyə və Azərbaycanda baytarlıq sisteminin inkişafına töhfə verməyə imkan verəcək.

"Bundan əlavə, “BelVitunifarm” Azərbaycana kimya və əczaçılıq məhsullarının tədarükünü təşkil edib. Şirkətin gələcəkdə qonşu Türkiyə bazarına çıxış imkanları araşdırılır", - baş direktor əlavə edib.

O, həmçinin qeyd edib ki, "BelVitunifarm" 10-a yaxın ölkənin bazarlarına məhsul tədarük edir. Əsas ixrac istiqamətləri Rusiya, Qazaxıstan və Gürcüstandır.

Gülnar Mahmudova

Seçilən
1
50
report.az

10Mənbələr