AZ

Solovyov özü bir zat deyil, ancaq milçək kimi ürək bulandırır

Bəzi dairələrin bəslədiyi “zəncirli köpəklər” nədənsə tez-tez ölkəmizə tərəf hürür və ona sarı cumurlar. Rusiyalı teleaparıcı Vladimir Solovyovun bu ölkənin “Rossiya1” dövlət televiziya kanalında Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirməsi bunun əyani təsdiqidir. Bu günlərdə İrəvanda saxlanılan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və nitqində bir neçə dəfə mövcud olmamış qondarma “artsax”ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin “artsax” kimi olacağını xatırladıb.

Ruhunu iblisə təslim edən, qəlbinin qapılarını şeytana açan Solovyov, həmçinin guya ermənilərin İrəvandan min illər əvvəl Qarabağda yaşadıqlarını da iddia edib. O da məlumdur ki, “Rossiya 1”in efirində, eləcə də şəxsən Solovyov tərəfindən Azərbaycana qarşı analoji hallar dəfələrlə baş verib. Mənəvi-əxlaqi keyfiyyətləri millətçiliyin ifrat, mürtəce formasına- şovinizm xəstəliyinə mübtəla olmuş bu başabəla teleaparıcının efirdən zaman-zaman Azərbaycan əleyhinə təbliğat aparmasını hamımız yaxşı bilirik. Onu da yaxşı xatırlayırıq ki, jurnalist maskası altında gizlənən bu üzdəniraq qırx dörd günlük Vətən müharibəsi zamanı erməniləri efirə dəvət edərək Azərbaycana qarşı ittihamlar yağdırır, hətta ölkəmizə yönəlik təhdidlər səsləndirməkdən belə çəkinmirdi.

Hoqqabazlığı və təlkəxliyi ilə bütün MDB məkanında yaxşı tanınan, daha doğrusu, nifrət qazanan, ara-sıra qardaş Türkiyə əleyhinə, eləcə də postsovet ölkələri ilə bağlı qərəzli, qeyri-obyektiv açıqlamaları ilə gündəmə gələn bu idiot 2022-ci ildə separatçı rejimin qondarma xarici işlər naziri, hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan David Babayanı “Соловьев Live” proqramına dəvət etmişdi. Rəsmi Bakının etirazından sonra Solovyov Azərbaycandan üzr istəmişdi.

Təbii ki, öz əməlləri ilə jurnalist adına ləkə gətirən Solovyov kimi məxluqun davamlı olaraq Rusiyanın dövlət televiziya kanalının efirindən Azərbaycan əleyhinə əsassız, qərəzli, qeyri-obyektiv və təxribatçı fikirlər səsləndirməsi ölkəmizin icitimaiyyəti tərəfindən qəzəblə qarşılanır. Medianın İnkişafı Agentliyindən (MEDİA) verilən məlumatda bildirilir ki, Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir: “Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləyib, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə verib. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olub, ziddiyyətli mahiyyət daşıyıb və Azərbaycanda adekvat reaksiyalara səbəb olub”.

Yeri gəlmişkən, “Taşir” Şirkətlər Qrupunun və “Ermənistanın Elektrik Şəbəkələri” (“ESA”) şirkətini sahibi, Rusiyada böyük biznesə sahib olan, kilsə-hökumət qarşıdurmasına “öz yolu ilə müdaxilə edəcəyini” vəd edən erməni milyarder Samvel Karapetyanın bir neçə gün əvvəl gecə saatlarında İrəvanda həbs edilməsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabında etdiyi maraqlı paylaşım yetənə yetib, yetməyənə daş atan Vladimir Solovyovu özündən çıxarmışdı. Bu quduzlaşmış üzdəniraq öz verilişində milyarderin müdafiəsinə qalxaraq, Paşinyanı təhqir etməkdən belə çəkinməmişdi. Paşinyan isə Karapetyanın Rusiyanın göstərişi ilə hərəkət etdiyinə işarə vuraraq, eləcə də Solovyovun ağzının payını verərək yazmışdı: “Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi deyil. Bura Ermənistan Respublikasıdır. Ümid edirəm, dövlətin dadı sizin ağzınızda qalacaq”.

Sonda onu demək istərdik ki, bəlli dairələin yemlədiyi, radikal-şovinizmin tipik nümayəndələrindən olan təlxək, itmilçəyi kimi yapışıb əl çəkməyən Solovyovun “Rossiya 1”in efirindən səsləndirdiyi ürəkbulandıran, qərəzli, absurd, əsassız fikirlər bizim üçün milçək vızıltısından başqa bir şey deyil. Bir atalar sözündə deyildiyi kimi, “Milçək özü bir şey deyil, ancaq ürək bulandırır”.

Zahid Rza, “İki sahil”

Seçilən
5
ikisahil.az

1Mənbələr