AZ

5 aylıq yatırım – 6 milyard 695 milyon manat

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-may aylarında əsas kapitala 6 milyard 695 milyon manat məbləğində investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 21,9 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 11,7 faiz çoxalıb.

İstifadə olunan investisiyanın 3 milyard 363 milyon manatı və ya 50,2 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 239 milyon manatı (33,4 faizi) xidmət sahələrinə, 1 milyard 95 milyon manatı (16,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən investisiyaların 5 milyard 49 milyon manatı və ya 75,4 faizi daxili investisiyalar olub. Bu investisiyaların 5 milyard 231 milyon manatı və ya 78,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib.

Qeyd edək ki, Azərbaycan son illərdə iqtisadi və institusional islahatlar nəticəsində investorlar üçün daha cəlbedici bir mühit formalaşdırıb. İnvestisiya qanunvericiliyinin təkmilləşdirilməsi, vergi güzəştləri, sərmayədarların hüquqlarının qorunması və logistika infrastrukturunun genişlənməsi bu sahədə əsas üstünlüklər kimi daim önə çəkilib. Xüsusilə sənaye zonaları və azad iqtisadi zonaların yaradılması (məsələn, Ələt Azad İqtisadi Zonası) ilə yerli və xarici investorlar üçün geniş imkanlar açılıb.

Xatırladaq ki, qeyri-neft sektorunda, xüsusən kənd təsərrüfatı, alternativ enerji, İKT, turizm, nəqliyyat – logistika və emal sənayesi sahələri yüksək potensiala malikdir. Dövlətin “yaşıl” inkişaf gündəliyi çərçivəsində bərpa olunan enerji layihələrinə (Günəş və külək enerjisi stansiyaları kimi) artan diqqət bu sahədə iri xarici investisiyaların cəlb olunmasını şərtləndirir. Məsələn, BƏƏ və Səudiyyə Ərəbistanından olan enerji şirkətləri bu istiqamətdə iri layihələr həyata keçirməkdədir.

Eyni zamanda, Azərbaycanın geostrateji mövqeyi – Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərində yerləşməsi ölkəni regional logistika və ticarət mərkəzinə çevirmə potensialını artırır. Bu isə tranzit daşımaları və ticarət xidmətləri sahəsində sərmayələrin artmasına səbəb olur.

Cari ilin I rübündə müşahidə olunan investisiya axınları ölkə iqtisadiyyatının sabitliyini, investorlara təqdim olunan şəffaf mühiti və inkişaf strategiyalarının səmərəliyini bir daha təsdiqləyir. İstər daxili, istərsə də xarici investorlar üçün Azərbaycanın təqdim etdiyi imkanlar real iqtisadi dəyər və uzunmüddətli gəlirlilik perspektivləri vəd edir. Bu dinamika ölkənin dayanıqlı və rəqabətədavamlı iqtisadi inkişafına təkan verir.

Qeyd edək ki, son illərdə Azərbaycan iqtisadiyyatının diversifikasiyası, biznes mühitinin liberallaşdırılması və xarici investisiyaların cəlbi istiqamətində mühüm addımlar atılıb. Enerji sektorundakı sabit mövqeyini qorumaqla yanaşı, qeyri-neft sahələrinə investisiyaların artırılması da dövlətin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılıb. Ölkənin geosiyasi mövqeyi, nəqliyyat-logistika imkanları, geniş infrastruktur layihələri və islahat yönümlü iqtisadi siyasəti nəticəsində Azərbaycan regionda cəlbedici investisiya məkanına çevirilib.

İnvestisiya mühitini müəyyənləşdirən əsas amillərə gəldikdə isə qeyd edə bilərik ki, bu məsələdə hüquqi bazanın yaradılması və islahatların həyata keçirilməsi mühüm önəm daşıyıb. Azərbaycan “İnvestisiyaların təşviqi haqqında” qanunvericilik bazasını yenilənməsi, investorların hüquqlarının qorunması, arbitraj mexanizmlərinin təkmilləşdirilməsi və lisenziya-vergi yüklərinin azaldılması istiqamətində mühüm tədbirlər görüb. Əlavə olaraq, “İnvestisiya təşviqi sənədi” alan layihələr 7 il müddətinə vergi güzəştləri əldə edib.

Azərbaycanda əlverişli xarici investisiya mühitindən danışarkən isə bu məsələdə beynəlxalq reytinqlərin ölkəmizin vəziyyəti barədə qiymətləndirmələrinə də diqqət yetirmək istərdik. Məsələn, Doing Business (Dünya Bankı) hesabatına əsasən, Azərbaycan 191 ölkə arasında 34-cü yerdə qərarlaşıb. Bu göstərici “biznesin qeydiyyatı”, “tikintiyə icazə”, “vergi ödəmələri” və “müqavilələrin icrası” kimi sahələrdə irəliləyişləri əks etdirib. Qlobal Rəqabətlilik İndeksində isə ölkəmiz 141 ölkə arasında 58-ci yeri tutub, infrastruktur, makroiqtisadi sabitlik və bazar ölçüsü üzrə yüksək nəticələr göstərib.

Respublikamızda investorlara cəlbedici olan sahələr də artıq müəyyənləşdirilib. Bura bərpa olunan enerji, aqrobiznes, turizm və xidmət sektoru kimi sahələr daxil edilib. Bu fikri konkret ifadə edərək bildirək ki, xüsusilə Qarabağ və Naxçıvan bölgəsində günəş və külək enerjisi potensialı yüksək qiymətləndirilib. BP, ACWA Power (Səudiyyə Ərəbistanı) və Masdar (BƏƏ) kimi şirkətlər bu sahəyə daxil olunub. İxracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə investisiyalar üçün də əlverişli imkanlar yaradılıb. Aqroparkların və xüsusi iqtisadi zonaların bu sahəyə marağı gücləndirilib. Nəhayət, turizm və xidmət sektoru üçün Qarabağ bölgəsində “yaşıl” turizm, sağlamlıq və mədəni turizm istiqamətləri üzrə layihələr planlaşdırılıb və icrasına başlanılıb.

 

Seçilən
6
3
xalqqazeti.az

10Mənbələr