AZ

Bakıda TDT Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası

İyunun 19-da Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası təşkil olunub.

Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov iclasda çıxış edib. O, iclas çərçivəsində imzalanması nəzərdə tutulan TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi barədə məlumat verib: "Bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq".

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev qeyd edib ki, təşkilat yaranandan indiyədək məhkəmə hakimiyyəti ilə bağlı davamlı uğurlar əldə olunub. “TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclasının bu il Azərbaycanda təşkil olunması planlaşdırılır. Hakimlər Şurasının üzvlərindən ibarət alt İşçi Qrupu tərəfindən nizamnamənin hazırlanmasına dair qərar verilib. İşçi Qrupu nizamnamə üzərində işləyəndən sonra dünən bütün tərəflər nizamnaməyə razılığını ifadə edib. Bu gün xüsusi bir mərhələdir, çünki biz bu Əsasnaməni imzalayacağıq", - deyə o qeyd edib.

Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova bildirib ki, birgə tarix və dil xalqlarımızı birləşdirir: "Düşünürəm ki, hüquqi bazaya da nail olmaq lazımdır. TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi əməkdaşlıq üçün yeni üfüqlər açır, hüquqi təcrübələrin mübadiləsi üçün imkanlar yaradır. Bu gün tarixi hadisənin şahidiyik və qeyd edilən sənəd çox dərin köklərə malik olacaq".

Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu bildirib ki, 2023-cü ilin noyabr ayında Azərbaycan və Özbəkistana edilən səfərlər məhkəmə sahəsində əməkdaşlıq prosesini yenidən canlandırmaq baxımından əhəmiyyətli mərhələ olub: "Ardınca 2024-cü ilin mayında İstanbulda ikinci böyük toplantımızı keçirdik. Bu gün artıq həmin səylərin bəhrəsini almaq üçün buradayıq. TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi institutlarımız arasında kommunikasiya və müzakirə platforması olacaq, ortaq problemlərə birgə həll yolları tapmaq üçün faydalı bir mexanizm rolunu oynayacaq", – deyə Aydoğdu vurğulayıb.

Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov çıxışında qeyd edib ki, TDT çərçivəsində dialoq və əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addımlar atılıb: "Qeyd etmək istərdim ki, Özbəkistanın ali məhkəmə orqanları da qardaş ölkələrlə hüquq sahəsində qarşılıqlı bilik mübadiləsində iştirak ediblər. Eyni zamanda, bu çərçivədə uğurlu nəticələr əldə olunub. Mütəxəssislərdən ibarət qrupumuz Türkiyəyə səfər edib, onların məhkəmə sistemi ilə yaxından tanış olub. Bugünkü toplantı çərçivəsində imzalanacaq Əsasnamə də məhz bu əməkdaşlığın genişlənməsinə imkan yaradacaq", – deyə o vurğulayıb.

Qazaxıstanın Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev iclasda çıxış edərək bildirib ki, ölkəsində məhkəmə sahəsinə xüsusi diqqət yönəldilib. O qeyd edib ki, TDT arasında effektiv əməkdaşlığın mövcud olması çox yaxşı haldır: "Bu gün imzalanacaq Əsasnamə üzv dövlətlər arasında yeni əməkdaşlığın yaranmasına, eyni zamanda, məhkəmə sisteminin təşəkkül tapmasına təkan verəcək".

Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ çıxış edərək qeyd edib ki, Şimali Kipr Türk Respublikası belə tədbirlərə böyük əhəmiyyət verməkdədir. “Gələcəkdə bu əməkdaşlıqların davam edəcəyinə inanıram".

İclasda çıxışlardan sonra TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb.

XQ

Seçilən
3
3
xalqqazeti.az

7Mənbələr