İranla savaşın uzanması idxal qiymətlərinin artmasına, inflyasiyaya və logistikanın kəsilməsinə səbəb olacaq
İsrail-İran münaqişəsinin Azərbaycan iqtisadiyyatına təsir göstərdiyi, həm ticarət dövriyyəsi, həm tranzit, həm də beynəlxalq daşıma marşrutları baxımından müəyyən risklər yaratdığı göz qabağındadır. Azərbaycan Dövlət Gömrük Komitəsinin 2025-ci ilin ilk dörd ayı üzrə məlumatına əsasən, Azərbaycan bazarına əsas tədarükçü ölkələr sırasında İran da var.
Nisbətən kiçik payına (2,44%) baxmayaraq, İran Azərbaycanın ilk on tədarükçüsü sırasındadır və xüsusilə tranzit logistikası baxımından strateji əhəmiyyətli tərəfdaş olaraq qalır. Onun ərazisindən Hindistan, Çin və Cənub-Şərqi Asiya ölkələrindən yüklər keçir. Ona görə də yük daşımaları sahəsində müəyyən çətinliklər var - İran üzərindən uçuşlar dayandırılıb ki, bu da regional nəqliyyat əlaqələrinə təsir edir. Fars körfəzinə çıxış digərləri ilə yanaşı, Azərbaycanın da əsas nəqliyyat marşrutlarına çıxışı təmin edir və bəzi limanların bağlanması birbaşa beynəlxalq logistikaya təsir göstərir.
Bu ilin birinci rübündə Azərbaycandan İran İslam Respublikasına 4,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə 1,7 milyon dollar və ya 50,7 faizlik artım qeydə alınıb. Eyni zamanda hesabat dövründə İrandan ölkəmizə 248,8 milyon dollar dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 milyon dollar və ya 15,7 faiz artım deməkdir. İrandan idxal edilən ərzaq məhsulları (xüsusilə meyvə-tərəvəz, çay və ət) Azərbaycan bazarında ucuz alternativlər hesab olunur. Müharibə səbəbindən bu kanalların bağlanması daxili bazarda ərzaq qiymətlərini yüksəldə bilər.
Qeyd edək ki, İrandan Azərbaycana geniş çeşiddə sənaye avadanlıqlarına, tikinti materiallarına, kimya və toxuculuq məhsullarına qədər idxal olunur. Amma İran təkcə təchizatçı deyil, o, Çin, Hindistan, Banqladeş və Malayziyadan yüklərin daşınması üçün əsas logistik əlaqədir. Tranzit axınları İranın Bəndər-Abbas limanından və quru yollarından keçir. Əgər bu kanallar məhv edilərsə, Gürcüstanda alternativ qiymətlər bahalaşacaq. Cənubdan gələn tərəvəz və meyvələrin qiymətində də artıq bahalaşma müşahidə olunur.
Cənubi Asiyadan Azərbaycana tranzitin təxminən 25-30%-i bu marşrutla həyata keçirilir. İndi layihənin qismən dayandırılması və ya dəyişdirilməsi riski var. Bu risklər fonunda hava çatdırılmasından getdikcə daha çox istifadə olunur, lakin bu, dəniz və qurudaxili təzyiqlərin artmasına səbəb olan xərcləri əvəz edə bilmir.
İsrailə gəlincə, 2024-cü ildə Azərbaycanla İsrail arasında ticarət əlaqələri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib. İki ölkə arasında ümumi ticarət dövriyyəsi 760,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 46 faiz azalma deməkdir. Ticarət dövriyyəsinin əsas hissəsini Azərbaycan tərəfindən İsrailə ixrac olunan məhsullar - xüsusilə də xam neft təşkil edib. Belə ki, 2023-cü ildə bu göstərici 1,4 milyard dollar olduğu halda, 2024-cü ildə İsrailə ixrac 733,5 milyon dollara düşüb. Bu, Azərbaycanın ümumi ixracında İsrailin payının da azalmasına səbəb olub. İsraildən Azərbaycana idxal olunan məhsullar əsasən kimyəvi maddələr, sənaye avadanlıqları, tibbi və optik cihazlar, həmçinin aqrar texnologiyalar sahəsinə aid məhsullardır.
Ekspertlərə görə, rəsmi Bakı üçün alternativ kanalların mümkün qədər tez qurulması vacibdir, xüsusən də qardaş Türkiyə vasitəsilə. Yəni neftin qiymətinin qalxması Azərbaycan üçün əlverişli olsa da, digər tərəfdən münaqişənin davam etməsi idxal qiymətlərinin artmasına, inflyasiyaya və logistikanın kəsilməsinə səbəb ola bilər.
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, müharibənin nə vaxt və hansı şəraitdə bitməsindən çox şey asılıdır. Ekspert hələlik Azərbaycan-İran ticarət dövriyyəsində, yükdaşımalarda ciddi problem olmadığını hesab edir: “Hazırda Azərbaycanda İran məhsulları satan sahibkarlar əvvəlcədən tədarük görüblər. Onlar tədarük zənciri qırılmasın deyə bir neçə həftə qabaqdan sifarişlər verirlər. Ona görə də hələ ki iqtisadiyyata, logistikaya ciddi problem gözləmirəm. Ancaq müharibənin uzanması ilə risklər yaranacaq”.
Natiq Cəfərli
N.Cəfərli onu da qeyd edib ki, Azərbaycan İrana az məhsul ixrac edir, yəni yarım milyardlıq ticarət dövriyyəsinin böyük hissəsi idxalla bağlıdır: “Hazırda sərhəd-keçid məntəqələrində də problem müşahidə olunmur. Ancaq münaqişə uzandıqda sahibkarlar üçün risklər meydana çıxacaq. Sadəcə, İrandan idxal olunan məhsullar əvəzedilməz deyil və alternativ tapmaq mümkündür. İran mallarını bizim üçün cəlbedici edən ucuz olması idi”.
Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli də Aazpolitika.info”ya açıqlamasında qeyd edib ki, İran Azərbaycan üçün vacib ticarət və tranzit tərəfdaşlarından biridir: “Xüsusilə də Naxçıvana quru yolla mal göndərməkdə İran marşrutu həlledici rol oynayır. Əgər müharibə səbəbindən bu yol bağlanarsa, yüklərin Gürcüstan üzərindən daşınması tələb olunacaq ki, bu da həm məsafəni artıracaq, həm də logistika xərclərini yüksəldəcək. Bu dəyişiklik nəqliyyat sahəsində əlavə yüklənməyə və tədarük zəncirində gecikmələrə də səbəb ola bilər. Digər əhəmiyyətli məsələ isə İranın Bəndər-Abbas limanıdır. Bu liman vasitəsilə Azərbaycan Çin və digər Uzaq Şərq ölkələri ilə ticarət aparır. Əgər müharibə limanın fəaliyyətinə təsir edərsə, həmin istiqamətdəki ticarət əlaqələri iflic ola bilər. Bu isə idxal məhsullarının azalması və qiymət artımı ilə nəticələnəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”