Uğur hekayələri bizə həmişə ilham verir. Ancaq bu hekayələrin arxasında gizlənən saysız-hesabsız uğursuzluqları çox vaxt görmürük və ya görmək istəmirik. Yeni bir iş qurmaq, öz yolunu tapmaq, sıfırdan nəsə yaratmaq bəzən cazibədar görünsə də, əslində bu yol qan, tər, göz yaşı və çox vaxt tənhalıqla doludur. Uğura çatmaq üçün ilk addım isə uğursuzluğu qəbul etməyi öyrənməkdir. Unutmaq lazım deyil ki, uğursuzluq son deyil, əksinə, başlanğıcdır.
Valyuta.az uğursuzluğu qəbul edib, yenidən qalxmağın, ruhdan düşməməyin yollarını təqdim edir:
İçində olduğunuz vəziyyəti qəbul edin
Nəzarətinizdən kənar olan şeyləri aydın şəkildə anlayın. Unutmayın ki, bu bir marafondur. Depresiyaya düşməyi kənara qoyun və bu vəziyyəti bir dərs olaraq görüb yolunuza davam edin.
Tək deyilsiniz
Ətrafınızda sizin kimi düşünən insanlar olsun. Biznes dünyasının bir hissəsi olmağın ən yaxşı tərəfi odur ki, sizinlə eyni yolda olan insanlarla çevrələnmiş olursunuz. Sahibkarlar yaxşı və çətin günlərdə bir-birinə dayaq dururlar.
Özünüzə fasilə verin
Nə qədər inanırsınızsa,inanın, bir addım geri çəkilin. Dərin bir nəfəs alın. Layihəyə bir qədər ara verin. Ailənizi, dostlarınızı ziyarət edin. Bizim bir həyatımız var və zaman çox sürətlə keçir. Bu sınaqdan keçəcəksiniz, amma qalib gəlmək istəyirsinizsə, əvvəlcə beyninizdəki lazımsız fikirlərdən azad olmalısınız.
Mübarizəyə hazır olun
Bu, hər kəsin bacaracağı bir yol deyil. Bu oyunda emosiyaları bir kənara qoymaq lazımdır. Bu bir işdir, bu bir müharibədir. Qanlı və amansız... Psixoloji olaraq güclənin yenidən hücuma keçin. Yanlış layihə üzərində işlədiniz? Nə olar ki?! Əgər siz həvəsli, zəhmətkeş və iddialısınızsa, bütün bu keyfiyyətlərinizi düzgün layihəyə yönəltsəniz, uğurlu olacaqsınız.
Realist olun
Bir gecədə uğur qazanmaq mümkün deyil. Uğurlu layihələr illərlə vaxt aparır. Tələskənlər tezliklə yoldan çəkilirlər. Əgər siz 100 uğurlu sahibkara sual versəniz və ilk layihələrində uğurlu olublarmı deyə soruşsanız, onların 99%-i “uğursuz olduq” deyəcək.
Müsbət düşünməyi öyrənin
Bir işə başlamadan onun haqqında fərziyyələrinizin nə dərəcədə doğru olduğunu yoxlayın. Bu gün və bu yaşınızda sahib olduğunuz imkanlarla pozitiv olmağı öyrənə bilərsiniz.
Günay