Heykəltaraş Qalaktikası bir çox cəhətdən bizim Süd Yolu Qalaktikamıza bənzəyir. Lakin qalaktikanın içinə daxilində olduğumuz üçün onu tam şəkildə Yerdən görmək mümkün deyil. Bununla belə, astronomlar üçün Heykəltaraş Qalaktikası yaxşı müşahidə üçün olduqca ideal mövqedədir. İndi isə astronomlar təxminən 65.000 işıq ili genişliyində ərazini əhatə edən Heykəltaraş Qalaktikasının ultra-ətraflı bir görüntüsünü yaradıblar.
HİT.az xəbər verir ki, astronomlar Heykəltaraş (Sculptor) Qalaktikasının əvvəllər heç görünməmiş xüsusiyyətlərini üzə çıxaran ultra-dəqiq görüntü əldə ediblər. Bu yaxın qalaktika, Çilidə yerləşən Avropa Cənub Rəsədxanasına (ESO) məxsus Çox Böyük Teleskop (VLT) vasitəsilə minlərlə müxtəlif rəngdə eyni vaxtda müşahidə olunub. Açıqlamaya görə, toplanan nəhəng miqdarda verilərlə qalaktika daxilindəki ulduzların ömür dövrlərini əhatə edən, bütöv qalaktika miqyasında bir görüntü yaradılıb.
ESO tədqiqatçısı Enriko Koncu bildirir: "Qalaktikalar inanılmaz dərəcədə mürəkkəb sistemlərdir və biz hələ də onları tam başa düşməyə çalışırıq. Heykəltaraş Qalaktikası mükəmməl bir mövqedədir: Daxili quruluşunu aşkara çıxara biləcəyimiz qədər yaxın, eyni zamanda bütövlükdə görə biləcəyimiz qədər böyükdür".
ESO-nun açıqlamasına görə, qalaktikanın təməl komponentləri — ulduzlar, qaz və toz — müxtəlif rənglərdə işıq yayır. Buna görə də qalaktikanın görüntüsündə nə qədər çox rəng çalarları olarsa, onun daxili işləyişi haqqında bir o qədər çox məlumat əldə etmək olar. Ənənəvi görüntülər yalnız bir neçə rəngi əhatə edərkən, bu yeni xəritə minlərləsini özündə birləşdirir. Bu da alimlərə ulduzların, qazın və tozun yaşı, tərkibi və hərəkəti kimi çoxsaylı məsələlər üzrə dərin məlumat təqdim edir.
Samir