AZ

DİQQƏT! Bu çimərliklərin ətrafındakı RESTORANLAR BAĞLANIR? 

Hər il antisanitar vəziyyətlə əlaqədar bəzi çimərliklərdən istifadə qadağan edilir. Buna baxmayaraq həmin müəssisələrin sahillərində yerləşən istirahət mərkəzləri, müəssisələr, restoranlar fəaliyyət göstərməyə davam etdiklərinə görə vətəndaşlar bu ərazilərə üz tutur və dənizdən də istifadə edirlər. Bakteriya faizi yüksək olan ərazilərdən istifadə ölkə əhalisində kütləvi və dəhşətli xəstəliklərə səbəb ola bilər.


Bu baxımdan həmin qadağan olunmuş çimərliklərin ətrafında fəaliyyət göstərən müəssisələrin fəaliyyəti nə dərəcədə düzgündür? Onlar fəaliyyəti dayandırıla bilərmi? 


Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Referans-a açıqlamasında danışıb.




“Çox yaxşı haldır ki, hər il gigiyena orqanları monitorinq aparır və çirklənmiş çimərlikləri elan edir. Amma seçimi istehlakçıların özlərinə buraxır. Məşhur bir söz var: “Hansı ölkədə vəkil çoxdursa, demək ki, orada insan hüquqları zəifdir. Hansı ölkədə aptek çoxdursa, demək ki, orada sağlamlıq səviyyəsi pis vəziyyətdədir”. Azərbaycanda apteklər digər ölkələrdən təxminən 20 dəfə çoxdur. Bu da göstəricilərdən biridir. İnsanların sağlamlığı bərbad vəziyyətdədir. Hələ tibbin aşağı səviyyədə olması, neft sahəsində təhsil alan insanların cərrah işləməsini və s. məsələlərə, ümumiyyətlə, toxunmuram. Yaxşı ki, ölkədə sosial şəbəkələr var və bir çox həqiqətlər bizə onlar vasitəsilə bu məsələlər gündəmə gəlir. Əlbəttə, ölkədə mükəmməl istehlakçı siyasət olsaydı, həmin çirklənmiş ərazilər çətin də olsa təmizlənərdi ya da həmin ərazilərdə obyektlərin, çimərlikləri fəaliyyəti qadağan olunardı”.


Ekspert qeyd edib ki, Azərbaycanda insanların apteklərə çox müaciət etməsinin, qonşu ölkələrə istirahət üçün deyil də, məhz həkim üçün getmələrində çimərliklərin də böyük rolu var.


“Hökümətin səhiyyə və istehlakçı siyasəti düzgün formada qurulmayıb və bununla məşğul olan dövlət orqanları normal fəaliyyət göstərmirlər. Ona görə də bu sahədə özbaşınalıqdır. Sadəcə olaraq gigiyena orqanları tərəfindən çirklənmiş ərazilərlə bağlı xəbərdarlıq edilir. Şüurlu insanlar isə bu çimərliklərdən istifadə etməməlidirlər”.

 

Fidan Vəlisoy 

Seçilən
12
referans.az

1Mənbələr