AZ

COP29 və COP30 sədrlikləri “Uşaqlar, Gənclər, Sülh və İqlim Təhlükəsizliyi üzrə Qlobal Çərçivə Sənədi”nə dair müzakirələr aparıb

Bonn, 19 iyun, Pərvanə Qafarova, AZƏRTAC

İyunun 19-da Bonn İqlim Sammiti çərçivəsində keçirilən “COP29 və COP30 Gənclər üzrə İqlim Nümayəndələrinin SB62” dəyirmi masada “Uşaqlar, Gənclər, Sülh və İqlim Təhlükəsizliyi üzrə Qlobal Çərçivə Sənədi”nə dair müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, yüksək səviyyəli dəyirmi masa - SB62 (Bonn İqlim Konfransı) çərçivəsində COP29 və COP30 Sədrliklikləri tərəfindən birgə təşkil edilib.

Tədbir uşaqlar, gənclər, sülh və iqlim təhlükəsizliyi sahəsində hazırlanmaqda olan Qlobal Çərçivə Sənədi üzərində fikir mübadiləsini təşviq etmək məqsədi daşıyıb.

Dəyirmi masada xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova və COP30-un gənc iqlim çempionu Marsele Oliveyra iştirak ediblər.

Tədbirdə Y. Rəfiyev qeyd edib ki, gənclər bu prosesi zənginləşdirən əsas iştirakçılardandır:“COP28 zamanı Dubayda dostlarımız tərəfindən başlanılan qlobal çərçivə sənədinin hazırlanması prosesi COP29 dövründə tərəfimizdən daha da genişləndirildi və bu istiqamətdə təşəbbüslərimiz oldu. Bizim COP-a, yəni Bakıda keçirilən konfransa ev sahibliyi etdiyimiz müddətdə bu sənədin gənclərin ideya və baxışlarını əks etdirəcək şəkildə formalaşdırılması üçün bir sıra tədbirlər təşkil etdik. Gənclər bu prosesin faydalı, nəticəyönümlü ideya və təşəbbüslərin mənbəyidir”.

Dəyirmi masada COP28-də başlanan prosesi davam etdirmək, COP29 çərçivəsində Bakıda təşkil olunan məsləhətləşmə və praktiki təşəbbüslərdən öyrənmək, COP30-un rəhbərliyi altında sənədin yekunlaşdırılması üçün konkret töhfələr vermək, gənclərin, xüsusilə də münaqişədən təsirlənmiş bölgələrdə yaşayan uşaqların və gənclərin baxışlarını əks etdirmək üçün inklüziv mexanizmlər müzakirə olunub. Bu təşəbbüsün iqlim və sülh kontekstində uşaqların və gənclərin hüquqlarının, ehtiyaclarının və liderlik potensialının beynəlxalq səviyyədə tanınmasını və təşviqini hədəflədiyi vurğulanıb. Qeyd olunub ki, Paris Sazişinin mərkəzi elementi olan Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr (NDC) ölkələrin iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə və adaptasiya səylərini əks etdirir. Tərəflərdən 2025-ci ildə NDC 3.0 mərhələsi çərçivəsində yeni planlarını təqdim etmələri gözlənilir. Bu sənədlər qlobal temperaturun 1,5°C ilə məhdudlaşdırılması yolunda həlledici rol oynayacaq. Gənclərin və uşaqların iqlim fəaliyyəti sahəsində dəyişiklik agentləri kimi rolunu tanıyan bu proses onların səmərəli və mənalı şəkildə cəlb edilməsi üçün mühüm fürsət yaradır. COP28-in qərarı ilə təsis olunan Prezidentlik Gənc İqlim Nümayəndəsi (PYCC) institutu da bu məqsədə xidmət edir. Bu tədbir SB60 zamanı COP29 PYCC tərəfindən başladılmış NDC 3.0 kampaniyasına əsaslanaraq tərəflər və qeyri-hökumət iştirakçıları üçün təcrübə mübadiləsi, mövcud boşluqların müzakirəsi və gələcək fəaliyyət yollarının müəyyənləşdirilməsi məqsədini daşıyır. COP30 PYCC bu istiqamətdə gənclərin və uşaqların səslərinin NDC 3.0 prosesinə inteqrasiyası üzrə səyləri davam etdirəcək və 2025-ci ildə YOUNGO və IIYFCC tərəfindən keçirilmiş regional məsləhətləşmələrdən əldə edilən nəticələrə əsaslanacaq. Bu nəsillərarası dialoq COP29 və COP30 PYCC-lərinin, YOUNGO və IIYFCC gənclər təşkilatlarının və UNDP, UNICEF kimi BMT agentliklərinin ortaq əməkdaşlığını əks etdirir.

Seçilən
17
50
azertag.az

10Mənbələr