AZ

Ermənistan Baş naziri Paşinyandan 'tarixi' ziyarət: bu görüş niyə əhəmiyyətlidir?

Ermənistan Baş naziri Nikol Paşinyanın iyunun 20-də Prezident Recep Tayyip Erdoğanın dəvəti ilə İstanbula edəcəyi səfər tarixi əhəmiyyət daşıyır.

Bu, Ermənistan tərəfindən Türkiyəyə bu səviyyədə edilən ilk rəsmi səfər olacaq.

Türkiyə 1993-cü ildə Dağlıq Qarabağın işğalından sonra Ermənistanla diplomatik əlaqələri kəsmişdi.

2009-cu ildə o zamankı prezidentlər Abdullah Gül və Serj Sarkisyan əvvəlcə Yerevanda, sonra isə Bursada birlikdə futbol matçına baxmışdılar.

Yaxın dövrdə isə Paşinyan 2023-cü ilin iyun ayında keçirilən prezidentlik andiçmə mərasimində iştirak etmiş, iki lider sonradan müxtəlif beynəlxalq zirvələrdə görüşmüşdü.

Ən son may ayında Albaniyada keçirilən Avropa Siyasi Birliyi zirvəsində üzbəüz görüşən Erdoğan və Paşinyan Qurban Bayramı zamanı da telefonla danışmışdılar.

Lakin sabah keçiriləcək görüş əvvəlkilərdən fərqli olaraq, "işgüzar səfər" kimi elan olunub.

Ermənistan parlamentinin sədri Alen Simonyan da bu məqama diqqət çəkərək "Bu, tarixi bir səfərdir, çünki Ermənistan səviyyəsində Baş nazirin ilk səfəri olacaq" deyib.

Görüş hələ ki, diplomatik əlaqələr qurmamış Türkiyə və Ermənistan arasında davam edən normallaşma prosesi baxımından mühüm əhəmiyyət daşıyır.

İki ölkə 2021-ci ildə münasibətlərin "normallaşması"na qərar verib, lakin proses hələ də davam edir.

Ankaradakı diplomatik mənbələr Ankara-Yerevan arasında son dövrlərdə artan dialoqa diqqət çəkir.

Paşinyan bu həftə Praqada iştirak etdiyi bir toplantıda Türkiyə ilə münasibətləri dəyərləndirərkən deyib:

"Prezident Erdoğanla bir neçə görüşümüz oldu və bu görüşlər olduqca konstruktiv keçdi. Sahədə hələ konkret nəticələr olmasa da, əhəmiyyətli irəliləyişlər əldə etdik".

Ermənistan Baş naziri əlavə edib: "Məsələn, üç il əvvəl Ermənistan Türkiyənin bir məsələyə münasibətini öyrənmək istədikdə, bunu yalnız üçüncü tərəflərin vasitəçiliyi ilə edə bilirdi. Bu gün isə qonşularımızla birbaşa, hətta gündəlik təmaslarımız var".

Səfər zamanı Ermənistan Baş naziri Paşinyana hansı protokolun tətbiq olunacağı hələ məlum deyil.

Lakin görüşün İstanbulda keçirilməsi və "işgüzar səfər" çərçivəsində olması, digər dövlət və hökumət başçılarına tətbiq olunan protokolun tətbiq edilməyəcəyi yönündə şərhlərə səbəb olub.

Əliyevin də Türkiyədədir

Paşinyanın səfəri Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Türkiyəyə edəcəyi səfərin dərhal ardından baş tutması baxımından da əhəmiyyətlidir.

Erdoğan və Əliyev 2023-cü il zəlzələlərindən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda tikilən "Azərbaycan məhəlləsi" adlı daimi yaşayış kompleksinin açılışını edəcəklər.

Lakin iki liderin Ermənistanla, həm Türkiyə, həm də Azərbaycanın ayrı-ayrı, lakin koordinasiyalı şəkildə apardığı normallaşma prosesini də geniş şəkildə müzakirə edəcəkləri gözlənilir.

Azərbaycan və Ermənistan mart ayında 17 maddəlik razılaşma mətnində razılaşdıqlarını elan ediblər.

Lakin Azərbaycan Ermənistan Konstitusiyasında Qarabağa dair istinadların olması səbəbindən konstitusiya dəyişikliyi tələb edir.

Paşinyan konstitusiya dəyişikliyi üçün müsbət siqnallar versə də, bunun sülh sazişinin imzalanmasını gecikdirməməli olduğunu vurğulayır.

Paşinyan bu həftə Praqada iştirak etdiyi bir toplantıda Azərbaycanla sülh sazişini ilin sonuna qədər imzalamağı hədəflədiyini bildirib.

Gündəlikdə normallaşma prosesi var

Erdoğan və Paşinyan arasında keçiriləcək görüşlərin əsas mövzusu iki ölkə arasında aparılan normallaşma prosesi olacaq.

Türkiyə və Ermənistan 2021-ci ildə qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin etmiş və diplomatik əlaqələrin qurulması üçün prosesə başlamışdılar.

Ermənistan və Azərbaycan arasında 2020-ci ildə baş vermiş və Ermənistanın 1990-cı illərin əvvəllərindən bəri nəzarət etdiyi Dağlıq Qarabağı itirməsinə səbəb olan müharibədən sonra başlayan normallaşma prosesi çərçivəsində irəliləyişlər olsa da, konkret razılaşma əldə olunmayıb.

Bunun ən əsas səbəbi odur ki, Türkiyə əvvəlcə Ermənistan-Azərbaycan arasında aparılan danışıqların daimi sülh sazişi ilə nəticələnməsini gözləyir.

Ermənistanın isə gözləntisi də budur ki, Türkiyə bu məsələdə Azərbaycan üzərində təzyiq göstərsin.

Alican sərhəd-keçid məntəqəsi

Paşinyanın müzakirə edəcəyi digər məsələ Alican-Margara sərhəd-keçid məntəqəsinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması olacaq.

İki ölkə bu mövzuda 2023-cü ildə razılaşıb.

Ermənistan sərhəd-keçid məntəqəsinin funksional hala gəlməsi üçün bərpa işlərini tamamlayıb.

Türkiyə isə bu razılaşmanın həyata keçirilməsi ilə bağlı hələ addım atmayıb.

İran-İsrail hücumları da müzakirə mövzusudur

Ankarada keçiriləcək görüşlərdə başda İsrail-İran qarşıdurmaları olmaqla bütün regional məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Türkiyə və Ermənistan, İrana quru sərhədi olan iki ölkə olaraq bu inkişafları yaxından izləyirlər.

Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi, iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi üçün bölgə ölkələri arasında əlaqələri artıracaq layihələrin də görüşdə müzakirə ediləcəyi bildirilir.

Türkiyə, həm Orta Dəhliz vasitəsilə, həm də Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat layihələrinə böyük önəm verir.

İranda baş verən hadisələrin, Cənubi Qafqaz vasitəsilə nəqliyyat xətlərinin işə salınması baxımından önəmli fürsət yaratdığı yönündə dəyərləndirmələr aparılır.

Seçilən
43
bbc.com

1Mənbələr