Təhsilin İnkişafı Fondunun təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilən TələbəPlus layihəsi 2025-ci ilin ilk yarısında əhəmiyyətli nailiyyətlər əldə edib. Layihə çərçivəsində 23 ali təhsil müəssisəsinin bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190 min tələbə innovativ TələbəPlus kartları ilə təmin olunub.
“İki sahil” xəbər verir ki, 2025-ci ilin fevral-iyun ayları ərzində ölkənin müxtəlif ali təhsil müəssisələrində “TələbəPlus” layihəsinə həsr olunmuş silsilə infosessiyalar uğurla keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan-Fransız Universiteti və Qarabağ Universitetində təşkil olunan tədbirlərdə minlərlə tələbə layihənin təqdim etdiyi imkanlar və üstünlüklərlə tanış olub.
İnfosessiyalarda tələbələrə TələbəPlus kartının funksionallığı, endirim və güzəşt imkanları barədə ətraflı məlumat verilib. Layihənin tərəfdaşları – “Code Academy”, “Family School”, “Fibonaççi” intellektual oyunları, “Azerconnect Group”, Bakcell, Birbank kimi qurumlar təqdim etdikləri xidmətlər və tələbələrə tətbiq olunan xüsusi üstünlüklər barədə məlumat paylaşaraq, rəqəmsal bacarıqlar, təhsil, iaşə, sağlamlıq və intellektual inkişaf sahələrində yeni imkanlar yaratdıqlarını vurğulayıblar.
2025-ci ilin iyun ayında Qarabağ Universitetində keçirilmiş “Qarabağ Təhsil və Dövlət-Özəl Tərəfdaşlığı Forumu”nda isə layihənin işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun gücləndirilməsi və sosial dəstəyin artırılması istiqamətində önəmli addımlar atılıb. Forumda dövlət və özəl sektorun nümayəndələri, təhsil və iqtisadiyyat nazirləri, Qarabağ bölgəsinin təhsil icması bir araya gələrək gələcək təqaüd proqramları və innovasiya layihələrini müzakirə ediblər.
Təhsilin İnkişafı Fondunun məlumatına görə, 2025-ci ilin sonunadək tərəfdaş şəbəkəsinin daha da genişləndirilməsi və yeni universitetlərin layihəyə qoşulması planlaşdırılır. Layihə tələbələrin akademik uğurlarının dəstəklənməsi və sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.