AZ

Paytaxt üzrə 933 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 933 müəllim (ötən illərdən qalan ibtidai sinif üzrə pedaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş ilk dəfə iştirak edənlər və coğrafiya fənni) sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.

“İki sahil” xəbər verir ki,  BŞTİ-dən bildirilib ki, Elm və Təhsil Nazirliyinin (ETN) Aparat rəhbəri Mətin Kərimli, deputatlar, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və İctimai Şuranın üzvləri, ETN, MÜTDA və BŞTİ-nin struktur bölmə rəhbərləri imtahan mərkəzinə gəlib, müəllimlərə tövsiyələrini verib, uğurlar arzulayıb və sertifikatlaşdırma imtahanlarının gedişini izləyiblər.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi iyunun 18, 19, 20, 24 və 25-də Bakı şəhəri üzrə 9 imtahan mərkəzində təşkil edilir.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində müəllimlərə tədris fənni üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.

Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.

Seçilən
0
1
ikisahil.az

10Mənbələr