Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusarda “Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusunda regional konfrans öz işinə başlayıb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Regional konfrans çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.
Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov konfransın əhəmiyyətindən bəhs edərək, ölkəmizdə milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirilən işlərdən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun sözlərinə görə, Azərbaycan nadir ölkələrdəndir ki, qlobal proseslərə ayaqlaşaraq, öz milli kimliyini qorumağın ən yaxşı modellərindən birini yaratmağa müvəffəq olub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurduğu bu model müstəqil Azərbaycanın inkişaf strategiyasının əsas sütunlarından birini təşkil edir. Komitə sədri Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin əsas məqsədinin dini ənənələrimizi, milli adətlərimizi, dəyərlərimizi qorumaqla bərabər, həm də başqa mədəniyyətlərə hörmət hissini cəmiyyətin hər bir fərdinə aşılamaq olduğunu qeyd edib.
Milli Məclisin deputatı Anatoliy Rafailov diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycanın yaradıcısı Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri də multikulturalizm, xalqlar və dinlər arasında dostluq və qardaşlıqdır.
Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda multikultural dəyərlərin inkişafına verdiyi dəstəyin tarixi hələ Sovet İttifaqı dövrünə təsadüf edir. O qeyd edib ki, ölkəmizdəki dini dözümlülük, tolerantlıq mühiti Ümummilli Lideriin müdrik siyasətinə uyğun olaraq daha da möhkəmlənib, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilib.
Regional konfrans işini panel iclaslarla davam etdirib.