Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Məktəbəqədər təhsilin könüllü xarakter daşıması hazırda ölkənin təhsil sistemində ən ciddi boşluqlardan biri hesab oluna bilər. Çünki müasir təhsil elminin, psixologiyanın və beynəlxalq təcrübənin gəldiyi qənaət budur: erkən yaşlardan başlayan sistemli təhsil və sosiallaşma gələcək təhsil nəticələrinin, əmək bazarına uyğunluğun və vətəndaş məsuliyyətinin təməlini təşkil edir”.Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Azərbaycanda 3–5 yaş arasında məktəbəqədər təhsilə cəlb olunan uşaqların səviyyəsi son rəsmi statistikaya əsasən 28–30% civarındadır. Bu isə Avropa ortalamasından 2–3 dəfə aşağıdır:“Təhsil haqqında” Qanunun 5.0.4-cü maddəsinə görə, təhsil sisteminin əsas prinsiplərindən biri təhsilin fasiləsizliyi və ardıcıllığıdır. Lakin məktəbəqədər təhsil bu prinsipin başlanğıc nöqtəsi olduğu halda, onun könüllü olması bu ardıcıllığı qırır. Qanunun 19.1-ci maddəsində məktəbəqədər təhsilin məqsədləri sırasında uşağın ümumi inkişafının təmin edilməsi, ibtidai təhsilə hazırlanması və sosial adaptasiyanın gücləndirilməsi göstərilsə də, bu mərhələyə cəlbetmə məcburi deyil. Bu isə məktəbəqədər dövrdə inkişaf baxımından ciddi fərqlərin yaranmasına səbəb olur və nəticədə ibtidai siniflərdə uşaqlar arasında bilik, dil bacarığı və davranış baxımından dərin uçurumlar müşahidə olunur”.Ekspert bildirib ki, dünya təcrübəsində bir çox inkişaf etmiş ölkələr məktəbəqədər təhsili məcburi və ya yarımməcburi şəkildə tətbiq edir:“Məsələn, Fransada 3 yaşdan etibarən məktəbəqədər təhsil məcburidir və bütün uşaqlar dövlət tərəfindən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur. Almaniyada 5 yaşdan etibarən “Vorschule” (məktəbə hazırlıq) mərhələsi çox geniş yayılıb və bu mərhələdə iştirak bir sıra federal əyalətlərdə faktiki olaraq məcburidir. Finlandiya məktəbəqədər təhsili 6 yaşda məcburi edir və bunu ümumi təhsil sisteminə daxil bir mərhələ kimi təqdim edir. Həmçinin Latviya və Litva kimi post-sovet ölkələrində də son illər bu sahədə islahatlar həyata keçirilmiş və məktəbəqədər təhsilin ibtidai təhsilə keçidi asanlaşdırması baxımından vacibliyi vurğulanmışdır”.Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda məktəbəqədər təhsilin könüllü olması sosial bərabərsizliyi də dərinləşdirir:“Paytaxt və iri şəhərlərdə yaşayan, maddi imkanı olan valideynlər övladlarını özəl və ya dövlət bağçalarına yazdıraraq onlara təməl biliklər qazandırır. Lakin kənd və regionlarda bu imkana malik olmayan ailələrin uşaqları məktəbə hazırlıqsız başlayır. Bu da nəticədə müəllimlərin üzərinə əlavə yük qoyur və ibtidai siniflərdə keyfiyyətli tədrisin qarşısını alır”.Ekspert son olaraq qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsilin könüllü deyil, məcburi olması uzunmüddətli təhsil strategiyasının ayrılmaz hissəsi kimi tətbiq edilməlidir.Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.