Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu il yanvar-aprel aylarında idxal edilən kərə yağının bir kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35.2% artaraq 11.9 manata bərabər olub. Bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 23.59 manat, yerli kərə yağının orta satış qiyməti 20.90 manat təşkil edib.İqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda kərə yağının qiymətində müşahidə olunan artım həm daxili, həm də xarici faktorların təsiri ilə baş verir:“Yerli istehsalın azalması, südün qiymətinin yüksəlməsi və istehsal xərclərinin artması yerli məhsulların bazarda bahalaşmasına səbəb olur. Eyni zamanda, idxal olunan heyvan mənşəli yağlar və süd məhsullarının da qiymətlərində ciddi artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-aprel aylarında idxal edilən heyvan mənşəli yağların qiyməti 31,1%, süd məhsullarının qiyməti isə 25,9% artıb. Bu artımlar daxili bazarda satış qiymətlərinə də birbaşa təsir edir. Qlobal səviyyədə FAO-nun məlumatlarına görə, süd və süd məhsullarının qiymətləri son bir ildə ardıcıl artım göstərir. Bu, iqlim dəyişiklikləri, quraqlıq, otlaq sahələrinin azalması, kənd təsərrüfatına marağın azalması və alternativ sənaye sahələrinin daha gəlirli olması kimi faktorlarla əlaqələndirilir”.İqtisadçı əlavə edib ki, dünya üzrə subsidiyaların azlığı, təsərrüfat zəncirindəki səmərəsizlik və istehsala yönəlik dəstəyin zəifliyi qiymət artımlarını stimullaşdırır:“Proqnozlara əsasən, qiymətlərin gələcəkdə sabitləşməsi və ya artım templərinin zəifləməsi bu xarici amillərin davamlı olub-olmamasından asılı olacaq. Azərbaycanda kərə yağı istehlak səbətinə daxil olan əsas məhsullardan biridir. Yağın bahalaşması əhalinin, xüsusilə də həssas sosial qrupların büdcəsinə mənfi təsir göstərir. Bu səbəbdən də hökumətin əsas prioritetlərindən biri asılılığı azaltmaq, yerli istehsalı dəstəkləmək, bazarda rəqabət mühitini dərinləşdirmək və qiymət artımlarının qarşısını almaq üçün effektiv tədbirlər görmək olmalıdır. Nəticə olaraq, hazırkı vəziyyət qiymətlərin yaxın dövrdə də artmaqda davam edə biləcəyini göstərsə də, bu prosesin intensivliyi mövsümi məhsuldarlıq və qlobal bazarlardakı dəyişikliklərlə birbaşa bağlı olacaq”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.