Klinikalar həkimlərin qanunsuz hərəkətlərinə dəstək verir
"Vətəndaşlardan pul alınıb rəsmi sənəd verilməməsi bir çox yerlərdə, xüsusilə klinikalarda geniş yayılmış məsələdir. Azərbaycan həkimləri heç yerdə iz qoymadan partizan kimi yaşamaq istəyirlər. Həkimlərin reseptlərinə baxdıqda görünük ki, altında imza, rəsmi möhür olmaması üçün çalışırlar. Hər 6 aydan bir inandığım həkimlərə "check up" etdirirəm. Onların belə reseptlərinə baxan zaman adamın gülməyi gəlir. Həkimlər işlədikləri klinika ilə razılığa gəlib xəstələrdən pulu nağd şəkildə tələb edirlər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O bildirib ki, klinikalar həkimlərin bu kimi qanunsuz hərəkətlərinə dəstək verirlər:
"Həkimlər etdikləri səhv müalicələrin nəticələrinin məhkəmədə sübuta yetirilməsini istəmirlər. Səhiyyə QHT-lərinə bu haqda məktub da yazmışam. Hətta bizdə olan məlumata görə diş həkimlərinin 30%-ə qədərinin ali təhsili yoxdur. Onlar, diş texniki olsa da, müalicə ilə məşğul olurlar.
Yaxşı ki, media var, yoxsa cəmiyyət tamamilə məhv olar. Bütün bu anormal vəziyyətlə haqqında 2 il öncə Milli Məclisdə çıxışlar etsəm də, problemlər hələ də həllini tapmayıb. Bütün bunların kökündə təhsilin zəif olması dayanır. Həkimlər "3 muşketyor" qanunu ilə işləyir. Ölkədə savadlı həkim varsa, ortaya çıxmalı, bunların qarşısını almalıdır. Həkimlərin ödənişi kassaya göndərməməsi qanun pozuntusudur, dövlətin vergi siysətinə ziddir. Belə hallarda istehlakçılar həmin xidmətdən istifadə etməməlidir".
Qeyd edək ki, bəzi klinikalarda həkimlər ödənişləri kassaya yönləndirmir və vətəndaşa kassa çeki təqdim edilmir.
Əfsanə Kamal
Demokrat.az