AZ

ATMU 4 kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri arasında

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) “Times Higher Education” (THE) “Impact Rankings 2025” reytinqində yer alaraq, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə həyata keçirdiyi fəaliyyətləri beynəlxalq səviyyədə təsdiqləyib. ATMU dörd istiqamət üzrə dünyanın ən reytinqli universitetləri arasında yer alıb.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.

Beynəlxalq qiymətləndirmə çərçivəsində ATMU 11-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Dayanıqlı şəhərlər və icmalar” üzrə dünya universitetləri arasında 401–600 qrupunda yer tutub.

ATMU 8-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Layiqli əmək və iqtisadi artım” üzrə 601–800 qrupunda yer alıb.

Həmçinin ATMU 17-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Məqsədlər üçün tərəfdaşlıqlar” üzrə 1001–1500, 4-cü Dayanıqlı İnkişaf Məqsədi olan “Keyfiyyətli təhsil” üzrə isə 1501+ qrupunda dəyərləndirilib.

Bu nəticələr ATMU-nun təhsil, iqtisadi dayanıqlıq, urbanizasiya və qlobal əməkdaşlıq sahələrində strateji hədəflərini həyata keçirmək baxımından olduqca əhəmiyyətlidir.

Universitetin bu uğuru onun dayanıqlı inkişaf prinsiplərinə əsaslanan idarəçilik modeli, sosial məsuliyyət təşəbbüsləri, təhsilin inklüzivliyi və əlçatanlığı, eləcə də beynəlxalq tərəfdaşlıq şəbəkələrinin genişləndirilməsi istiqamətində atdığı addımların nəticəsidir.

ATMU 2025-ci ilin nəticələrini strateji başlanğıc kimi dəyərləndirərək, növbəti mərhələdə daha yüksək mövqelərə yüksəlmək və qlobal ali təhsil məkanında dayanıqlı mövqe tutmaq məqsədilə fəaliyyətini davam etdirəcək.

Seçilən
3
3
azertag.az

4Mənbələr