Xəbər verdiyimiz kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi kazino oyunlarının təşkili ilə bağlı yeni qanun layihəsi təqdim edib. Layihəyə əsasən, yalnız süni torpaq sahələrində, yəni müəyyən edilmiş məkanlarda qanunvericiliyin tələbləri nəzərə alınmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur. Sənəddə əsas məqsəd kimi risklərin idarə olunması və dövlət büdcəsinə əlavə gəlir mənbələrinin yaradılması göstərilir.
Kazino oyunlarının təşkili ölkə iqtisadiyyatına necə təsir göstərəcək? Bu, turizm sektorunun inkişafına və yeni sahibkarlıq subyektlərinin meydana gəlməsinə imkan yarada bilərmi? “Süni torpaq sahələri” dedikdə nə nəzərdə tutulur?
Globalinfo.az-a danışan deputat Elman Nəsirov bildirib ki, layihə ümumilikdə ölkə ərazisində kazinoların fəaliyyətini əhatə etmir:
“Burada konkret məkan çərçivəsi var. Məsələ əsasən dənizdə yaradılacaq süni adalarda kazino oyunlarının təşkili ilə bağlıdır. Gürcüstanda uzun illərdir kazinolar fəaliyyət göstərir və bu, nə ölkənin imicinə, nə də daxili sabitliyə mənfi təsir edib. Əksinə, bu sahədən büdcəyə böyük vəsait daxil olur”.
Deputat əlavə edib ki, bu təcrübə beynəlxalq səviyyədə də geniş yayılıb və əsasən imkanlı şəxslər, o cümlədən xarici turistlər tərəfindən istifadə olunur:
“Dövlət büdcəsinə daxil olan vəsait isə sosial sahələrə yönəldilə bilər. Beləliklə, iqtisadi imkanlarımız genişlənəcək. Ona görə də bu layihəyə müsbət yanaşıram və lehinə səs verəcəyəm. Fərqli fikirlər ola bilər, lakin məsələni məkan və iqtisadi potensial baxımından qiymətləndirdikdə, belə bir qanunun qəbul edilməsi dövlət və onun maddi rifahı üçün önəmlidir”.
İqtisadçı Pərviz Heydərov deyib ki, kazino kimi gəlir gətirən əyləncə oyunları bir çox inkişaf etmiş ölkələrdə, eləcə də Gürcüstan və Türkiyə kimi qonşu dövlətlərdə mövcuddur:
“Bu oyunlar turizm sektorunun inkişafına töhfə verir və ölkəyə xarici turistlərin cəlb olunması baxımından mühüm rol oynayır. Azərbaycanda da turizmin inkişafı prioritet sahələrdən biridir. Bu baxımdan, belə oyun mərkəzlərinin yaradılması məqsədəuyğundur”.
İqtisadçının sözlərinə görə, ehtimal ki, kazino oyunlarının Xəzər dənizində yaradılacaq süni adalarda yerləşəcək istirahət mərkəzlərində təşkil olunması nəzərdə tutulur:
“Belə ərazilərdə kazinoların təşkili turizm sektorunun canlanmasına, yeni sahibkarlıq subyektlərinin yaranmasına və dövlət büdcəsi üçün əlavə gəlir mənbələrinin formalaşmasına şərait yaradacaq. Bu proseslərin qanunvericiliyə uyğun və hüquqi çərçivədə tənzimlənməsi isə əsas şərtdir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta