Orta Şərqdəkı gərgin vəziyyət müasir silah texnologiyalarının effektivliyi ilə bağlı sualları gündəmə gətirir. İranın artıq bir neçə dəfə İsrailə məxsus F-35 qırıcılarını hədəf alması və bu hücumların uğurlu olduğu iddiaları beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Qeyd edək ki, F-35 kimi beşinci nəsil qırıcılar uzun illərdir “görünməz” və “vurulmaz” kimi təqdim olunurdu. Belə bir texnikanın bu qədər asanlıqla hədəfə çevrilməsi isə, təkcə bu təyyarənin etibarlılığı deyil, eyni zamanda bu sahədəki silahlanma siyasətlərinə də təsir göstərə bilər.
Türkiyənin ABŞ-dan F-35 qırıcılarını almaq planları isə artıq bir neçə ildir ki, müxtəlif səbəblərdən ləngiyir.
F-35-lər doğrudan da müasir hava hücumlarından bu qədər asanlıqla qoruna bilmirsə, Türkiyə bu təyyarələrin alınmasından imtina edə bilərmi? Bu hadisələr digər ölkələrin də F-35 və oxşar sistemlərə marağını azaldacaq?
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, həmin texnikalara marağın azalması mümkün görünmür, çünki bu, ən son, ən yeni nəsil texnologiyadır:
“Hazırda isə beşinci nəsil qırıcılar arasında ən geniş yayılan və məşhurluq qazanan model F-35-lərdir. Bu səbəbdən dünyanın bir çox ölkəsi bu təyyarələri əldə edib onların texniki imkanlarını təhlil etməyə və qiymətləndirməyə çalışır.
Əgər bu təyyarələrə ABŞ deyil, başqa bir ölkə, məsələn, Çin və ya Rusiya sahib olsaydı, onlar da həmin təyyarələri alaraq analiz etməyə, xüsusiyyətlərini öyrənməyə maraq göstərərdi.
Türkiyə də bu təyyarələri almaq istəyirdi. Lakin gördü ki, müəyyən siyasi səbəblərdən proqramdan kənarlaşdırılıb. Həmçinin bu proqramın yenidən bərpa olunacağına dair də bir ümid yoxdur. Hazırda F-35-lərin əvəzinə F-16 və F-22 kimi təyyarələri həmçinin, daha modern və fərqli kateqoriyalı qırıcılar axtarışındadır.
Ancaq ortada tam yenilik gətirən bir model də yoxdur. F-16-ların əvəzinə verilən təyyarələr hələ tam yetkinləşməyib. Türkiyənin isə yaxın gələcəkdə çox sayda “Eurofighter Typhoon” tipli qırıcılar alacağı gözlənilir. Bununla yanaşı, Türkiyə ilə Pakistan arasında əməkdaşlıq da genişlənir. Pakistan Çin istehsalı olan bəzi modellərin texniki xüsusiyyətlərini öyrənməyə çalışır.
Türkiyənin hazırda bir neçə fərqli istiqamətdə təyyarə layihələri var. Bəzi hallarda bu layihələr milli istehsal üzərində qurulub, bəzilərində isə fərqli ölkələrdən alınan texnologiyalar əsasında inkişaf etdirilir. Ümumilikdə, Türkiyə müxtəlif texnologiyalara çıxış əldə etməyə çalışır.
F-35-lərin İran tərəfindən vurulması məsələsinə gəldikdə isə, bu barədə hələlik dəqiq məlumat yoxdur. İran tərəf təyyarələri vurduğunu iddia edir, amma bu informasiyaların dəqiqliyi sual altındadır. Həmçinin bu xəbərlər beynəlxalq fond birjalarında da müəyyən dalğalanmalar yaradıb. F-35-ləri istehsal edən şirkətin səhmləri bu iddialardan sonra müəyyən qədər ucuzlaşıb.
Əgər bu xəbərlər həqiqətə uyğundursa, bu, həm istehlakçılar, həm də digər ölkələr üçün ciddi narahatlıq doğura bilər. F-35 təyyarələri öz sinfində görünməz və radarlardan yayınan texnologiya ilə təqdim olunurdu. Əgər bu qədər inkişaf etmiş bir təyyarə asanlıqla vurula bilirsə, bu, onun effektivliyinə dair suallar doğurur.
Hazırda isə bizdə İranın iddia etdiyi zərbələr və onların təsirləri ilə bağlı dəqiq və təsdiqlənmiş məlumatlar yoxdur. Yayılan informasiyalar arasında ziddiyyətlər var və buna görə də vəziyyəti tam aydın şəkildə qiymətləndirmək çətindir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta