Argentina Milli Kəşfiyyat Xidməti (SIDE) bu ölkədə yaşayan və argentinalılarla əməkdaşlıq edərək Moskvanın xeyrinə təsir şəbəkəsi yaratmaqla məşğul olan ruslardan ibarət casus qrupunu aşkarlayıb...
Poliqon xəbər verir ki, bu barədə La Derecha Diario məlumat yayıb.
İstintaq "Vaner"in ölən lideri Yevgeni Priqojinlə əlaqəli olan "La Compania" adlı təşkilata və qlobal dezinformasiya kampaniyaları ilə tanınan "Laxta layihəsi"nə aiddir.
Argentina prezidentinin mətbuat katibi Manuel Adorninin sözlərinə görə, casus qrup Kremlin geosiyasi maraqları ilə bağlıdır, dezinformasiya və ictimai rəylə manipulyasiya ilə məşğul olub.
Hücrənin əsas vəzifəsi dezinformasiya aparmaq və Argentinaya qarşı yönəlmiş kampaniyalara təsir göstərmək olub. Qrup üzvləri sosial mediada da məzmun yaradıb yayıb, yerli ictimai təşkilatların, fondların və qeyri-hökumət təşkilatlarının fəaliyyətinə təsir göstərməyə cəhd ediblər.
"La Compania"nın məqsədi Rusiyanın maraqlarına sadiq şəxslərdən ibarət qrup yaratmaqdır", deyə Adorni bildirib.
Argentina xüsusi xidmət orqanlarının məlumatına görə, bu sxemə Argentinada yaşayan Rusiya vətəndaşı Lev Andryaşvili cəlb olunub. O, şəbəkənin maliyyələşdirilməsinə və yerli fəallarla əlaqələrin qurulmasına cavabdeh olub. Onun şəriki onun həyat yoldaşı, eyni zamanda Rusiya vətəndaşı və Argentina sakini İrina Yakovenko olub. Hazırda araşdırmalar davam edir və digər şəxslərin də iştirak edə biləcəyi bildirilir.
Poliqon.info