Yayda təhlükəli ola bilən qidalar AÇIQLANDI
Yay aylarında Azərbaycanda qida zəhərlənməsi hallarında artım müşahidə olunur. İsti hava şəraiti qidaların daha tez xarab olmasına səbəb olduğu üçün bu mövsümdə vətəndaşlar arasında zəhərlənmələrə yoluxma riski də artır.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında bildirib ki, havanın temperaturunun artması ilə əlaqədar olaraq, yay aylarında bir sıra qida məhsulları zəhərlənmə riski baxımından yüksək təhlükə yaradır:
“Xüsusilə heyvan mənşəli məhsullar ət, süd, yumurta və balıq isti havada daha tez xarab olur və onların tərkibində bakteriya, virus və kiflər sürətlə çoxala bilir. Ət və ət məhsulları, xüsusilə çiy və bişmiş ət yüksək risk qrupundadır.
Bişirmədən əvvəl və sonra sanitar-gigiyenik qaydalara əməl olunmalı, məhsul yalnız istehlak olunacaq qədər hazırlanmalıdır. Süd və süd məhsulları da yalnız etibarlı mənbədən alınmalı, soyuducuda saxlanmalı və konservantsız məhsulların saxlanma müddətinə diqqət edilməlidir. Yumurta və ondan hazırlanan kremli şirniyyatlar da diqqət tələb edir.
Mövsümə uyğun olmayan meyvə-tərəvəzlər, hormon və kimyəvi maddə tərkibli məhsullar isə uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər üçün xüsusilə təhlükəli sayılır”.
Onun sözlərinə görə, bişmiş yeməklər yayda otaq temperaturunda yalnız yarım saatadək saxlanmalıdır:
“Qidalar soyuducuda saxlanmalı, qablar isə şüşə olmalıdır. Hətta keyfiyyətli məhsullar belə yanlış saxlandıqda zəhərlənməyə səbəb ola bilər. Restoranlar, kafelər və satış məntəqələri məhsulların saxlanma temperaturuna, istifadə müddətinə və gigiyenik şəraitə riayət etməlidirlər.
Eyni zamanda, meyvə-tərəvəzlərin qabığı soyulmadan əvvəl mütləq yuyulması vacibdir. Qabığı yeyilməyən meyvələr belə kəsilərkən içinə mikroorqanizmlər keçə bilər ki, bu da zəhərlənmə riskini artırır.
Əhali məhsulları yalnız etibarlı mənbədən almalıdırlar. Tərkibində yumurta, süd və ya ət olan məhsulları açıq havada saxlamaq olmaz. Hazır yeməkləri tez bir zamanda soyuducuya yerləşdirilməlidir.
Kremlə hazırlanan tortlar, şirniyyatlar, salatlar isti havada açıq şəkildə saxlanmamalıdır. Bu tövsiyələrə əməl etməklə yay mövsümündə qida zəhərlənmələrinin qarşısını almaq mümkündür. Zəhərlənmə halı müşahidə edilərsə, dərhal həkimə müraciət olunmalıdır”.
Leyla Turan
Demokrat.az