Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə şuraları sədrlərinin 3-cü iclası işə başlayıb.
APA xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qırğız Respublikası, Özbəkistan, Qazaxıstan, eləcə də Şimali Kipr Türk Respublikasının məhkəmə və bu sahədə tənzimləyici orqanlarının rəhbərləri iştirak edir.
Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov deyib ki, bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib: "Həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq. Bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq. Bu proses türk dövlətlərinin ortaq hüquq mədəniyyətinin daha da dərinləşməsinə, ədalət və qanunun aliliyi prinsiplərinin geniş təbliğinə mühüm töhfə verəcək".
Qeyd olunub ki, bu gün tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması barədə Əsasnamənin imzalanması nəzərdə tutulur.