AZ

ABB-də rəqəmsal ziddiyyət- “Avansı tətbiqdən verdiniz, ləğv üçün niyə bizi süründürürsünüz?”

Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərə avans limiti təqdim etsə də, onun ləğvi yalnız filiallarda mümkündür. AzPost xəbər verir ki, bu hal sosial şəbəkələrdə və müştəri qruplarında narazılıqlara səbəb olub.

ABB rəsmi cavabında bildirir ki, “avans – təcili pul ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş bank məhsuludur” və onun ləğvi yalnız filialda həyata keçirilə bilər. Bankın fikrincə, bu prosedur qısa vaxtda başa çatır və istifadəçi rahatlığı nəzərə alınır.

Lakin müştərilər bu yanaşma ilə razılaşmır. Sosial şəbəkələrdə istifadəçilər bildirirlər ki, avans limiti üçün mobil tətbiqdən müraciət mümkün olduğu halda, onun bağlanması üçün fiziki şəkildə bank filialına getmək məntiqsiz görünür. Elnur adlı istifadəçi yazır: “Bunun üçün işimizi-gücümüzü atıb yolda vaxt itirməliyik? Hansı əsrdə yaşayırıq?”

Digər bir istifadəçi isə qeyd edir ki, bank bu cür məhdudiyyətləri bilərəkdən saxlayır: “Avans almaq gəlir gətirir deyə tətbiqdən etmək olur, amma bağlamaq bank üçün fayda vermədiyindən resurs ayrılmır.”

Bu yanaşma digər banklarla da müqayisə olunur. İstifadəçilərin bildirdiyinə görə, bəzi banklarda bu xidmət tam olaraq mobil tətbiq üzərindən idarə oluna bilir, məsələn, Kapital Bank və ya Leobank kimi.

Ekspertlər bildirirlər ki, bu cür təcrübə müştəri məmnuniyyəti və rəqəmsal transformasiya ilə bağlı ciddi suallar doğurur. Elektron bankçılığın geniş yayıldığı bir dövrdə istifadəçinin sadə bir əməliyyat üçün fiziki filiala getməyə məcbur edilməsi köhnəlmiş idarəetmə modelinin əlamətidir.

ABB isə hələ ki bu məsələ ilə bağlı ictimaiyyətə daha çevik və texnoloji həll vəd etməyib.

AzPost.az

Seçilən
5
1
azpost.info

2Mənbələr