Genetik cəhətdən dəyişdirilmiş qidalar laboratoriyada süni şəkildə hazırlanmış canlı orqanizmlərdən yetişdirilir, nəticədə təbiətdə rast gəlinməyən müxtəliflik yaranır. Bu məhsullarda yaradılmış yeni xüsusiyyətlərdən bəziləri qida tədarük zəncirinin əsas ehtiyaclarını əks etdirir. Məsələn, öz həşəratqovucularını istehsal edən tərəvəzlər və ya xarab olması daha uzun sürən meyvələr. Bu dəyişikliklər artıq inanılmazdır, lakin daha böyük planları olan alimlər var. Məsələn, bir banan dişləməklə ilə həyat qurtaran peyvəndi qəbul etmiş olmaq və ya xərçəngi pomidorla müalicə etmək.
Aşağıda geni dəyişdirilmiş ən heyrətamiz qidalardan bəziləri ilə tanış ola bilərsiniz:
Göz yaşı yaratmayan soğan
Soğan doğramaq yemək hazırlamağın ən sevilməyən hissəsidir. Bir çox insanlar gözlərindən yaş axmağa başladığını görür və bu, rahat şəkildə doğramağa davam etməyi demək olar ki, qeyri-mümkün edir. Məsləhət və tövsiyələrin heç biri işləmir, amma nəhayət, alternativ var.
İlk gözyaşardıcı olmayan soğan çeşidi olan “Sunions” İngiltərədə rəflərdə yer alıb. Onlar ən həssas gözlər üçün təhlükəsiz olan yumşaq soğan növlərinin çarpazlaşdırılması ilə yaradılmışdır. Bu soğanların şirin dadlı olduğu və salatlarda çiy halda istifadə oluna biləcəyi deyilir.
Müalicəvi yumurtalar
İngilis alimləri xərçənglə mübarizə aparan yumurta istehsal edə bilən geni dəyişdirilmiş toyuq cinsi inkişaf etdiriblər. Toyuqların DNT-lərinə insan genləri əlavə olunur və bu genlər daha sonra yumurtladıqları yumurtaların ağında tapıla bilər.
Onlar, həmçinin dəri xərçəngi, artrit və dağınıq skleroz kimi digər ciddi xəstəlikləri müalicə edən dərmanlara bənzər şəkildə işləyən kompleks dərman zülallarını ehtiva edir.
Tez böyüyən qızılbalıq
“AquaBounty Technologies” adlı şirkət normaldan iki dəfə tez böyüyən, geni dəyişdirilmiş qızılbalıq növü hazırlayıb. Təbii somonda böyümə prosesi yalnız yarım il ərzində aktiv olur. Lakin "AquaAdvantage Salmon" adlanan balıq bütün il boyu inkişaf edir.
Bu super balığın yemək üçün təhlükəsiz olub-olmaması ilə bağlı mübahisələr var idi. Lakin FDA 2015-ci ildə ABŞ-da satışa icazə verdi. Bir neçə ay sonra o, ləğv edildi və bir neçə illik qanuni danışıqlar başladı. 2021-ci ildən etibarən “AquAdvantage” qızılbalığı yenidən bazara çıxdı.
Qaralmayan göbələklər
Göbələklərə yad DNT əlavə etmək əvəzinə alimlər genlərin elementlərini sadəcə olaraq gen redaktəsi ilə siliblər. Bu prosesi başa çatdırmaq üçün istifadə olunan alət CRISPR adlanır və bir sıra qida məhsullarını dəyişdirmək üçün istifadə olunur. Prosesdə yeni DNT əlavə edilmədiyi üçün CRISPR istifadə edərək dəyişdirilmiş qidalar GMO məhsulları ilə eyni sınaqdan və skrininqdən keçmir.
Qaralmayan göbələk ştammı məhsulun saxlama müddətini uzadır və qüsursuz göbələklərin satılma ehtimalı daha yüksək olduğundan, ehtimal olunan tullantıları azaldır. Alimlər buna əslində genetik modifikasiya olmayan müasir genetik modifikasiya forması vasitəsilə nail olublar.
Çölyak əleyhinə buğda
İspaniyada bir qrup çölyak xəstəliyi olanlar tərəfindən istehlak edilə bilən buğda ştammı yaratmaq üçün CRISPR-dən istifadə edir. Gen redaktə texnikası buğdanın tərkibindəki zülalları çıxarmaq üçün istifadə edilmişdir ki, bu da qlütenə qarşı dözümsüzlüyü olanlarda mənfi reaksiyaya səbəb olmur.
Toxumsuz pomidor
CRISPR, həmçinin toxumsuz pomidorun bir formasını inkişaf etdirmək üçün istifadə olunur. Bu, pomidorda toxumları çox sevməyənlər üçün əla ideya kimi görünür, lakin toxumların gübrələmə prosesinin mərkəzi hissəsi olduğunu nəzərə alsaq, belə pomidoru kənd təsərrüfatı sənayesinə təqdim etmək olduqca mürəkkəb bir dəyişiklikdir.
Toxumsuz pomidor daha çox məhsul gətirə bilməsə də, ətraf mühitin mənfi şərtlərindən narahat olmadan asanlıqla yetişdirilə bilər. O, standart pomidorlara əlavə etmək üçün daha sabit və ardıcıl əlavə kimi xidmət edə bilər.
Qırmızı ətli alma
Cazibədar görünən “Redlove” almaları Markus Kobelt adlı İsveçrə seleksiyaçısı tərəfindən hazırlanıb. Mütəxəssis qırmızı ətli almaların gözəl göründüyünü, lakin xoşagəlməz bir turş dadı olduğunu fərq etdi. Kobelt mükəmməl görünüş və dad yaratmaq üçün alma sortlarının çarpazlaşdırılmasına 20 il sərf edib.
Kobeltin almaları bir neçə növdədir: “Redlove Odysso” alma xüsusilə böyükdür və yumşaq dadı var. “Redlove Era” isə unikal giləmeyvə dadına malikdir.
Zəhərli kələm
Alimlər əqrəblərin quyruğunda zəhər əmələ gətirən geni götürərək onu adi kələmin içinə daxil etməyin yolunu tapıblar. Bu, olduqca riskli modifikasiya kimi səslənir, lakin onun məqsədi əslində tərəvəz yetişdirərkən istifadə olunan pestisidlərin miqdarını azaltmaqdır.
Dəyişdirilmiş kələmlər yarpaqları dişlənəndə tırtılları öldürən əqrəb zəhəri istehsal edə bilir, lakin toksini insanlar üçün zərərsiz edir.
Flavr Savr pomidoru
Flavr Savr pomidoru FDA tərəfindən lisenziya verilən ilk kommersiya məqsədi ilə yetişdirilən genetik dəyişdirilmiş qida idi. Kaliforniyada yerləşən “Calgene” şirkəti tərəfindən yaradılan dəyişdirilmiş pomidor 1994-cü ildə təsdiqlənib. Bu pomidor çürümənin qarşısını almaq və onun orijinal rəngini və toxumasını saxlamağa kömək etməli olan antisens geninin əlavə edilməsi ilə yaradılıb.
Flavr Savr pomidoru satış üçün təsdiq edilmiş ilk GMO məhsullarından biri kimi yüksək təəssürat yaratsa da, bu, böyük uğur deyildi. Pomidorlar çox zərif idi və buna görə zədələnmədən daşınması çətin idi. 1997-ci ilə qədər bu pomidor bazardan çıxdı.
Qaralmayan alma
Əvvəlcədən dilimlənmiş alma demək olar ki, dərhal qəhvəyi rəngə çevrilməsi istisna olmaqla, gün ərzində özünüzlə aparmaq üçün əlverişli, sağlam qəlyanaltıdır. “Okanagan Specialty Fruits” adlı bir şirkət bu problemi həll etmək üçün Arktika Almalarını hazırladı.
Onlar adi almalarla eyni oksidləşmə prosesindən keçmədiyi üçün kəsildikdən sonra əti orijinal rəngini saxlayan müxtəlif almalar yaratdılar. “Arctic Apples” 2017-ci ildə ABŞ-da satışa çıxarılıb.
Xərçənglə mübarizə aparan bənövşəyi pomidor
Britaniyalı tədqiqatçılar adətən tünd giləmeyvələrdə olan qida maddələri ilə dolu olan bənövşəyi pomidorun yeni ştammı üzərində işləyirlər. Xərçəngə meylli siçanlar üzərində aparılan sınaqlar bənövşəyi pomidoru yeyən siçanların əhəmiyyətli dərəcədə daha uzun yaşadıqlarını göstərib.
Bt-qarğıdalı
Bt-qarğıdalı, potensial zərərli kimyəvi pestisidlərə ehtiyacı azaldan, özü öz pestisidi kimi fəaliyyət göstərmək üçün hazırlanmış, genetik cəhətdən dəyişdirilmiş qarğıdalı növüdür.
FDA Bt-qarğıdalının qida baxımından adi qarğıdalıya bərabər olduğunu hesab edir. Tortilla çipslərindən tutmuş, yüksək fruktoza qarğıdalı siropuna qədər hər şeydə istifadə edilə bilər.
İnsan südü ilə eyni inək südü
2011-ci ildə Çin alimləri inəklərin embrionlarına insan genlərini daxil etməyə başladılar. Nəticə "insan çeşidi ilə eyni olan və ana südü ilə eyni immuniteti gücləndirən və antibakterial xüsusiyyətlərə malik" süd istehsal edə bilən müxtəlif inəklər oldu.
Tədqiqatlar hələ də davam edir, çünki genetik cəhətdən dəyişdirilmiş inəklərin ölüm nisbəti yüksəkdir və yeni doğulmuş körpələrdə təhlükəsizliyini müəyyən etmək üçün insan sınaqlarının aparılması ilə bağlı çoxlu problemlər var.
Nubar Süleymanova, “İki sahil”