AZ

Yüksək bal toplayan müəllimlər DANIŞDI

Ötən gün keçirilən sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər danışıblar.

Redaktor.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, onlardan biri Bakı şəhər 156 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ləman Əlizadədir.

O, imtahandan 59 bal toplayıb:

“Suallar normal idi, asan, orta və çətin dərəcəli suallar vardı. Bəzi suallar üzərində düşündüm, hətta bir sualın cavabını sonradan dəyişdim. Düşünürəm ki, həmin dəyişikliyim səhv oldu. Qalan suallara düz cavab verdim”.

Bakının 112 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Zülfiyyə Həsənova isə imtahanda 55 bal toplayıb. Müəllim bildirib ki, imtahana ixtisas üzrə ayrıca hazırlaşmağa ehtiyac duymayıb. Onun sözlərinə görə, suallar gündəlik dərs prosesində istifadə etdiyi vəsaitlər əsasında tərtib olunduğundan imtahan o qədər də çətin olmayıb:

“Əsasən, kurikulum, metodika və pedaqogika üzrə mövzulara diqqət yetirdim. Bu istiqamətlər üzrə mövzuları müəyyən qədər təkrar etməyim faydalı oldu”.

Naxçıvan MR-in 3 müəllimi bu imtahanda 57 bal toplayaraq yüksək nəticə əldə edib. 

Onlardan biri - Xəyalə Rzayeva Ordubad rayonu Dəstə kənd tam orta məktəbinin ingilis dili müəllimidir.

Müəllimin fikrincə, imtahan nisbətən çətin olsa da, yaxşı nəticə göstərmək mümkün olub:

“Son vaxtlar kurikulumla bağlı testlər edirdim, amma ixtisas mövzularını bildiyim üçün xüsusi hazırlaşmamışdım. Məncə, 11-ci sinfə dərs deyən bütün müəllimlər sualları asanlıqla yaza bilərlər. Proqramdan kənar heç bir əlavə sual yox idi. Sadə, gündəlik istifadə etdiyimiz kompüterlə işləmək çox rahat idi”.

Babək rayonu Aşağı Buzqov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Turan Hüseynova 57 bal toplayan müəllimlərdən biridir.

Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Aysun Cəfərova da 57 bal yığıb.

 

Seçilən
3
5
redaktor.az

6Mənbələr