AZ

Ermənistanda hökumətlə kilsə arasında qarşıdurma şiddətlənir

Baş nazir Nikol Paşinyan may ayının sonlarında erməni kilsəsi və ruhanilərə qarşı bir neçə qalmaqallı bəyanatlar verərək bildirdi ki, subaylıq andını pozan bütün ruhanilər öz mənəvi xidmətlərindən getməli, kilsələrdən rədd olmalıdırlar. Baş nazirin həyat yoldaşı Anna Akopyanın sosial şəbəkədə erməni ruhanilərini “riyakarlıqda, əxlaqsızlıqda və saxta dini təqvada” ittiham etməsindən sonra hakim “Vətəndaş müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovvanisyanın “pozğun və rəzil həyat tərzi keçirib bunu cübbə ilə ört-basdır edən” bütün keşişlərin maskasını cırmaqla hədələməsi isə hökumətlə kilsə arasında münasibətləri daha da gərginləşdirdi.

Bütün bunlardan sonra qarşı tərəf də dinc durmadı. İyunun 2-də bütün ermənilərin katalikosu II Qareginin sədrliyi ilə Erməni Qriqorian Kilsəsinin baş kafedralının yerləşdiyi Eçmiədzində Ali Ruhani Şuranın növbədənkənar iclası çağırıldı. Ermənistandan olan və diasporu təmsil edən yepiskop və yeparxiya rəhbərlərinin də qatıldıqları iclasın sonunda din xadimləri adından bəyanat yayıldı. Din xadimləri baş nazir Nikol Paşinyanı son günlərdə antikilsə kampaniyası aparmaqda suçlayaraq, ona hədələyici tonda xəbərdarlıq edərək hətta səlahiyyətli dövlət orqanlarını baş nazirin bu qanunsuz əməllərinə son qoymağa çağırıblar: “Ermənistanın baş naziri özünü qanundan üstün tutaraq, dövlət xadiminə yaraşmayan söz ehtiyatı, təhqir və ittihamlarla Erməni Apostol Kilsəsinə qarşı növbəti kampaniyaya başlayıb. Küfr və nalayiq ifadələrlə dolu kampaniya elementar ədəb normalarından məhrumdur, fundamental insan hüquqlarını pozur, dindarların dini hisslərini kobud şəkildə təhqir edir və saxta mərhəmət bəhanələri arxasında gizlənir. Hökumət başçısının kilsə əleyhinə davranışı, milli dəyərlərə və kilsəyə qarşı başladılan proseslər dağıdıcı nəticələrlə zəngindir və erməni dövlətçiliyinə, diasporun birliyinə təhlükə yaradır”.

Bu günlərdə “Taşir” Şirkətlər Qrupunun və “Ermənistanın Elektrik Şəbəkələri” (“ESA”) şirkətini sahibi, Rusiyada böyük biznesə sahib olan, kilsə-hökumət qarşıdurmasına “öz yolu ilə müdaxilə edəcəyini” vəd edən erməni milyarder Samvel Karapetyanın gecə saatlarında İrəvanda həbs edilməsi yerli mətbuatda geniş müzakirə obyektinə çevrilib. Ermənistanın bəzi mətbuat orqanları Karapetyanın həbsini Paşinyanla qarşıdurmada olan Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxması və hökuməti hədələməsi ilə əlaqələndirirlər. Nəşrlər bildirirlər ki, biznesmeni “yaramaz” adlandırdıqdan sonra da “ürəyi soyumayan” baş nazir Karapetyanı həbs etdirməklə yanaşı, ona məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətini də milliləşdirəcəyini açıqlayıb. Paşinyan qeyd edib ki, Karapetyanın “siyasətçilər uğursuz olarsa, biz də müdaxilə edəcəyik” ifadəsi dövlətə qarşı təhdiddir: “Heç kimə Ermənistan və onun hakimiyyəti ilə bu tonda danışmağa icazə vermərik, mən buna dözməyəcəm”.

Ən diqqətçəkici məqam Nikol Paşinyanın məsələ ilə bağlı son açıqlamasında ölkədə fəaliyyət göstərən “Ermənistan Elektrik Şəbəkələri” şirkətini sərt şəkildə tənqid etməsi olub. Baş nazirin sözlərinə görə, bu şirkətin fəaliyyəti nəticəsində ölkə enerji böhranı ilə üz-üzə qalıb. Paşinyan qeyd edib ki, bölgələrə etdiyi səfərlər zamanı “ESA” ilə bağlı narazılıqların artması müşahidə olunur. Bu narazılıqlar təkcə texniki problemlərlə deyil, həm də ölkədə məqsədli şəkildə sosial gərginlik yaradılması ilə əlaqələndirilir. Yeri gəlmişkən, Paşinyan Karapetyanı cəzalandırarkən sosial şəbəkə hesabında maraqlı bir paylaşım edib. Həmin paylaşım Kremlin təbliğatçısı Vladimir Solovyovu özündən çıxarıb. O, öz verilişində milyarderin müdafiəsinə qalxaraq, Paşinyanı təhqir etməkdən belə çəkinməyib. Paşinyan isə Karapetyanın Rusiyanın göstərişi ilə hərəkət etdiyinə işarə vuraraq, yazıb: “Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi deyil. Bura Ermənistan Respublikasıdır. Ümid edirəm, dövlətin dadı sizin ağzınızda qalacaq”.

Görünən odur ki, Paşinyan göstərilən müqavimətlərə baxmayaraq kilsəni ölkənin ictimai-siyasi həyatına və xarici siyasətinə müdaxiləsinin qarşısını almaq, din xadimlərini bu prosesdən uzaqlaşdırmaq, eləcə də qarşıdurmada olduğu II Qaregini özünə yaxın adamı ilə əvəz etməkdə israrlıdır. Baş nazirin iyunun 9-da sosial şəbəkədə bütün ermənilərin katolikosu II Qareginin könüllü olaraq subaylıq andını pozduğunu və övladının olduğunu yazması və bu fikirləri davamlı olaraq səsləndirməsi bunu bur daha təsdiq edir: “…O, subaylıq andını pozub. Bu, faktdır və əgər II Qaregin bunu inkar etməyə cəhd göstərsə, mən bunu lazımi formatda sübut edəcəm. Bununla əlaqədar olaraq, erməni apostol kilsəsinin qaydasına görə, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola, nə də seçilə bilər. O, katolikos ola bilməz. Ktriç Nersisyan patriarx iqamətgahını boşaltmalıdır…”.

Zahid Rza, “İki sahil”

Seçilən
6
ikisahil.az

1Mənbələr