AZ

Azərbaycan hansı ölkələrlə daha çox ticarət əməliyyatı aparıb?

2025-ci ilin dörd ayı ərzində Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsinin mətbuata açıqlamasında bildirilir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1 faiz çoxdur. Qeyd olunur ki,  xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları çoxdur. Bir sözlə, son 1 ildə ixrac 7,5 faiz idxal isə 48,8  faiz artıb. Məlum rəqəmlərə istinadən demək olar ki, son nəticədə xarici ticarətdə 651,79 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb.

Bəs cari ildə Azərbaycan hansı ölkələrlə daha çox ticarət edib? Qeyd edək ki, ölkəmizin ticarət etdiyi ölkələrin bir çoxu həm iqtisadi, həm də hərbi cəhətdən güclü dövlətlərdir. Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 460,9 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin KİV-ə verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Hesabat dövründə Azərbaycandan ABŞ-yə ixrac 24 milyon dollar təşkil edib. Azərbaycanın ABŞ-dən idxalının dəyəri isə 436,9 milyon dollar olub.

Ən çox ticarət əməliyyatı həyata keçirdiyimiz digər ölkə isə qardaş Türkiyədir. Bu gün  Türkiyə bizim ikinci əsas ticarət və ixrac tərəfdaşımızdır. Ötən il ticarət dövriyyəmiz ümumilikdə  6,1 milyard dollar, 2025-ci ilin yanvar-aprel aylarında isə 2 milyard dollara yaxın olub. Bu fikri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev «Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi»nin 6-cı ümumi yığıncağında çıxışı zamanı söyləyib. Vurğulayıb ki, Azərbaycan və Türkiyə prezidentlərinin hədəfi iki ölkə arasındakı  ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Nazir müavini xüsusi qeyd edib ki, ticarət dövriyyəmizin artırılması üçün hazırda iki ölkə arasında sərbəst ticarət sazişinin imzalanması imkanları qiymətləndirilir, sazişin iqtisadiyyata təsiri ilə bağlı məlumat mübadiləsi aparılır və güzəştli ticarət rejiminin işğaldan azad olunmuş ərazilərdə istehsal olunan məhsullara şamil olunması müzakirə olunur.

Geniş şəkildə ticarət etdiyimiz digər ölkə isə Rusiyadır. Cari ilin yanvar-aprel aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 1,823 milyard ABŞ dolları təşkil edib. Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 515,3 milyon ABŞ dolları və ya 39,4 faiz çoxdur. Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,78 faizi həcmində olub. Bununla da Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Rusiyaya 322,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 0,8 faiz azdır. Eyni zamanda, 2025-ci ilin yanvar-aprel aylarında Rusiyadan Azərbaycana 1,5 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 517,9 milyon ABŞ dolları və ya 52,7 faiz artım deməkdir. Bu göstərici ilə Rusiya Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb. Bundan başqa, 2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Rusiyaya 321,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 3,7 milyon ABŞ dolları və ya 1,2 faiz çoxdur. Hesabat dövründə Rusiyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 30,07 faiz paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcısına çevrilib.

Ölkəmizlə ticarət əməkdaşlığı geniş olan digər ölkə isə Çindir. Çinin ölkəmizdəki səfiri Lu Mey Azərbaycan–Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransındakı çıxışında indiyədək ölkəsinin respublikamıza 900 milyon dollar investisiya yatırdığını bildirib. O, Azərbaycanın Çinə qoyduğu investisiyanın məbləğinin isə 300 milyon dollar təşkil etdiyini diqqətə çatdırıb. Səfir vurğulayıb ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 43,3 faiz artıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sözügedən konfransında çıxışı zamanı Çinin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı olduğunu, cari ilin yanvar-aprel aylarında iki ölkə arasında ticarət dövriyyəsinin 37 faiz artaraq 1,4 milyard dollara çatdığını bildirib.

E.Əliyev qeyd edib ki, Azərbaycanın ticarət və şərab evləri artıq Çinin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Azərbaycan Ticarət Evi Çinin məşhur e-kommersiya platforması olan “JD”də də fəallığı ilə diqqət çəkilr.

İqtisadiyyat nazirinin birinci müavininin sözlərinə görə, Çin şirkətləri ölkəmizdə geniş miqyasda təmsil olunurlar. Cari ilin may ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda 320-yə yaxın Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir.

Hazırda iki ölkə arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığa dair danışıqlar aparılır. Göstərilən səylər nəticəsində Çin şirkətləri ilə sənaye, «yaşıl» enerji, nəqliyyat, kənd təsərrüfatı, İKT və ipəkçilik kimi sahələrdə birgə layihələr həyata keçirilir.

Məlumdur ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Belə ki, respublikamızın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Ölkəmizin günəş və külək enerjisi potensialı ilə Çinin «yaşıl» texnologiyalar sahəsindəki təcrübəsi sinerji yaradaraq birgə layihələrin reallaşdırılması üçün əlverişli mühit formalaşdırıb. Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan aparıcı Çin şirkətləri ilə genişmiqyaslı günəş və külək enerjisi layihələri, enerji saxlama sistemləri və «ağıllı» şəbəkə infrastrukturunun inkişafını əhatə edən mühüm sazişlər imzalayıb. Həmçinin Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycanla Çin şirkət və qurumları arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.

Elçin Zaman, «İki sahil»

Seçilən
8
ikisahil.az

1Mənbələr