Süni intellekt yarışında fəal iştirak edən ABŞ IT korporasiyası "Meta Platforms" "OpenAI" işçilərinə onları öz tərəfinə çəkmək üçün 100 milyon dollara qədər bonus təklif edib.
Valyuta.az xəbər verir ki, "Reuters"in məlumatına əsasən, bunu "OpenAI"ın baş direktoru Sem Altman "Uncapped" podkastının bir buraxılışında bildirib.
İllik kompensasiya paketlərini əhəmiyyətli dərəcədə aşan bu məbləğlər "Meta"nın aparıcı mütəxəssisləri cəlb etmək səylərinin miqyasını vurğulayır. Altman bu cür təkliflərə baxmayaraq, "OpenAI"ın əsas işçilərinin hələ də şirkəti tərk etməməsindən məmnunluğunu bildirib.
Altmanın fikrincə, mütəxəssislər "OpenAI"da qalırlar, çünki şirkətin rəqiblərindən əvvəl sözdə güclü süni intellektin (AGİ - Süni Ümumi İntellekt) yaradılmasına nail olacağına və bunun əhəmiyyətli dərəcədə daha böyük kapitallaşma vəd etdiyinə inanırlar. O, həmçinin korporativ mədəniyyət fərqlərini qeyd edərək, AGİ-nin yaradılması missiyasının yüksək maaşlardan daha vacib bir motivator olduğunu düşünür. Məlumatlara görə, "Meta" "OpenAI"dan Noam Braun və "Google"dan Koray Kavukcuoğlu kimi aparıcı tədqiqatçıları cəlb etmək cəhdlərində uğursuz olub.
Altman vurğulayıb ki, yenilikçiliyə yönəlmiş "OpenAI"ın korporativ mədəniyyəti bu startapın uğurunun əsas təminatçısıdır. O, "Meta"nın AI sistemlərinin inkişafındakı səylərinin hələ arzu olunan nəticələri vermədiyini bildirərək, "Meta"nın bir çox nailiyyətlərinə hörmət etdiyini, lakin innovasiya sahəsində xüsusi güc nümayiş etdirmədiyini qeyd edib. Onun sözlərinə görə, bu sahədə təqibçi olmaq bazar liderliyi üçün kifayət deyil, həqiqətən də inqilabi həllər tələb olunur.
"OpenAI"ın rəhbəri həmçinin sosial şəbəkələr üçün texnologiya inkişaf etdirməyə marağını bildirib. Belə ki, onun sözlərinə görə, istifadəçilərə yalnız müvafiq məlumatları təqdim edə biləcək texnologiya lazımdır, çünki mövcud fərdiləşdirmə alqoritmləri qeyri-qənaətbəxş nəticələr verir. Şayiələrə görə, "OpenAI" artıq bu cür bir tətbiq üzərində işləyir ki, bu da potensial olaraq "Meta"nın əsas maraq sahəsində rəqabət yarada bilər. "Meta" da öz sosial şəbəkələrində AI ilə təcrübələr aparır, lakin istifadəçilərin qarışıq reaksiyaları ilə üzləşir.
Paşa Məmmədli