“Əgər iki ölkə arasında müharibəni qaçılmaz edən şərtlər mövcuddursa və qarşıdurma nəhayət açıq silahlı münaqişəyə çevrilirsə, bu halda tərəflərdən biri mütləq şəkildə qarşı tərəfin zəif nöqtələrini araşdırmağa çalışacaq. Məqsəd, bu zəifliklər üzərindən üstünlük qazanmaq və qələbəni təmin edəcək strateji qırılma nöqtələrini müəyyənləşdirməkdir. Bu, təkcə İran-İsrail münasibətləri və ya onların arasında mövcud olan qismi müharibə kontekstində deyil, ümumiyyətlə bütün müharibə aparan dövlətlər üçün səciyyəvi olan klassik hərbi-strateji yanaşmadır. Bu baxımdan, israilli politoloqun səsləndirdiyi fikirlərdə müəyyən dərəcədə həqiqət payı ola bilər. Hər kəsə məlumdur ki, İranın demoqrafik və sosial-struktur mənzərəsi çoxşaxəlidir və bu mənzərədə Azərbaycan türklərinin yeri və rolu xüsusi əhəmiyyət kəsb edir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, İsrailli tarixçi və politoloq Avraham Şmuleviçin son müsahibəsi geniş diqqət çəkib. Onun sözlərinə görə, İsrail hazırda Güney Azərbaycandakı müxalif qüvvələrlə danışıqlar aparır. Bu məlumat regionda yaxından izlənilir və müxtəlif siyasi dairələrdə ciddi müzakirələrə səbəb olur. Bəzi ekspertlərin fikrincə, bu təmaslar yalnız mövcud hərbi-siyasi qarşıdurmanın bir hissəsi olmaqla kifayətlənmir, həm də bölgədə uzunmüddətli strateji hədəflərlə əlaqələndirilə bilər.
Deputat bildirib ki, Azərbaycanlılar amili İranın gələcəyi baxımından müəyyən imkanlar və perspektivlər vəd edə bilər.
“Nəzərə almaq lazımdır ki, istənilən müharibədən sonra bir sülh dövrü başlayır. Bu mərhələ adətən yeni əməkdaşlıq imkanlarının ortaya çıxması, hüquq və dəyərlərin qorunması, eləcə də rasional və pozitiv inkişaf meyillərinin təşəkkülü ilə müşayiət olunur. İranın da belə bir transformasiya mərhələsinə ehtiyac duyduğu şübhəsizdir. Bu kontekstdə İranda yaşayan Azərbaycan türklərinin də belə bir perspektivi arzu etməsi tamamilə mümkündür. Çünki İsrail-İran qarşıdurması hərbi müstəviyə keçməsə belə, Azərbaycan türklərinin ölkədaxili və regional kontekstdə daima aktuallığını qoruması müşahidə olunmaqdadır. Fikrimizcə, İran və İsrail arasında müharibənin genişmiqyaslı fazaya keçməsindən əvvəl Tehran konstruktiv dialoqa qayıtmaq istiqamətində təşəbbüslər göstərməlidir. Bu, daha rasional və regionun sabitliyi üçün faydalı olan ssenaridir. Əks halda, prosesə digər regional və beynəlxalq aktorların da müdaxiləsi baş verərsə, İran daha sərt və mürəkkəb geosiyasi reallıqlarla üz-üzə qala bilər. Bütün hallarda, İranda Azərbaycanlı faktorunu nəzərdən qaçırmaq mümkün deyil. Post-müharibə dövründə bu faktor İranın daxili siyasi və sosial reallıqlarında mühüm yer tutmalıdır. İsrailli politoloq da məhz bu məqamları vurğulamışdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az