AZ

Ombudsmanların Bakı Simpoziumu: Qanunun aliliyinin gücləndirilməsi müzakirə OLUNDU FOTO

ain.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakı şəhərində “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib.

News24.az xəbər verir ki, tədbirdə 15-dək ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Prezident İlham Əliyevin Simpozium iştirakçılarına müraciətini səsləndirib. Simpoziumda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkə Prezidenti cənab İlham Əliyevə Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətə görə dərin təşəkkürünü bildirib.

Ombudsman qanunun aliliyinin gücləndirilməsi kimi qlobal əhəmiyyətli mövzu üzrə təşkil olunan bu tədbirin insan hüquqlarının müdafiəsi məsələsinin müzakirəsi və gələcək perspektivlərin dəyərləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib.

Səbinə Əliyeva müasir dövrdə qloballaşma, silahlı münaqişələr və digər qlobal proseslərin insan hüquqları sahəsində əməkdaşlığın gücləndirilməsini şərtləndirdiyini, xüsusilə münaqişə və postmünaqişə dövründə qanunun aliliyinin təminatçısı kimi ombudsman və milli insan hüquqları təsisatlarının fəaliyyətinin vacib rol oynadığını qeyd edib.

Müvəkkil Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə otuz ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunduğunu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün və suverenliyinin tam olaraq bərpa edildiyini bildirib. Ölkəmizin Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yaratmış olduğu humanitar fəsadlardan hələ də əziyyət çəkdiyini qeyd edən Ombudsman azad edilmiş ərazilərdə mövcud mina probleminin insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törətdiyini və regionda ekoloji tarazlığın pozulmasına səbəb olduğunu diqqətə çatdırıb.

Səbinə Əliyeva, həmçinin qanunvericiliyin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, normativ hüquqi aktların icrasına nəzarətin effektiv təşkili və ombudsman və milli insan hüquqları təsisatlarının məhkəmə orqanları ilə əməkdaşlığının qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyini qeyd edərək, bu sahədə əldə olunmuş müsbət təcrübələrdən danışıb.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qloballaşan dünyada dövlətin, cəmiyyətin harmonik, sabit inkişafında fundamental hüquq və azadlıqların qorunmasında və qanunun aliliyinin təmin edilməsində mühüm şərt olduğunu, dövlət hakimiyyət orqanları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

F.Abdullayev Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasındakı qarşılıqlı əlaqəyə toxunaraq, bu cür qarşılıqlı münasibətlərin və aparılan təcrübə mübadiləsinin insan hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov çıxışı zamanı dövlətimizin insan hüquqlarının müdafisəini öz ali məqsədlərindən biri kimi qəbul etdiyini, bununla da ölkəmizdə insan hüquqları sahəsində formalaşmış təsisatların, o cümlədən Ombudsman təsisatının həmin dəyərlər əsasında fəaliyyət göstərməsinə şərait yaradıldığını bildirib.

Əli Əhmədov bu əhəmiyyətli tədbirin“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilməsinin olduqca məntiqli və dərin bağlılığa malik olduğunu diqqətə çatdırıb.

Daha sonra Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI) sədri xanım Amina Buayaşın və  Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) sədri xanım Luiza Holkun konfrans iştirakçılarına videomüraciətləri dinlənilib.

Simpoziumda ombudsmanların və milli insan hüquqları institutlarının konstitusion hüquqların təmin edilməsi sahəsində fəaliyyəti, hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər və qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr mövzularında panel sessiyalar təşkil edilib. Sessiyalarda mövzular üzrə çıxışlar dinlənilib, ətraflı fikir mübadilələri aparılıb. Eyni zamanda, müasir çağırışlar və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunub.

Tədbirin yekununda Ombudsmanların Beynəlxalq Simpoziumunun Bəyannaməsi səsləndirilib və qəbul olunub.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
news24.az

10Mənbələr