Son illərdə kredit borclarını ödəyə bilməyən şəxslərin sayı artdıqca kollektor şirkətlərin fəaliyyəti də genişlənib. Lakin bir çox hallarda bu qurumların vətəndaşlara qarşı hədə-qorxu ilə yanaşdığı, psixoloji təzyiq göstərdiyi ilə bağlı şikayətlər gündəmə gəlir.
Kollektor şirkətlərin borclulara qarşı sərgilədiyi davranış hansı hallarda qanunsuz sayılır?
Tribunainfo.az xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, vətəndaş öz borcunu ödəməyə məcburdur:
“Əks halda, bank müştəriyə etibarını itirir. Kollektor şirkətləri işini qanuna əsasən icra edir. Mülki məcəlləyə uyğun olaraq, şirkət borclarının bir hissəsini toplamaq üçün müəyyən komissiya qarşısında öhdəliyi kollektora ötürür. Ödəniş vaxtında olsa, proses bu mərhələyə çatmaz.
Vətəndaşın borclu olduğu şirkət bunun müqabilində kollektorlara vəsait ödəyir. Bu da onun üçün əlavə xərcdir. Kollektorun borclu şəxsdən tələb etmək hüququ var. Amma istənilən halda, hədə-qorxu, psixoloji təzyiq və şantaj vasitəsilə pul tələb etmək yolverilməzdir. Bu, qanunvericiliklə qadağan olunan fəaliyyət hesab olunur. Lakin vətəndaşa zəng etməklə, ünvanına gəlməklə borcu istəmək qanunidir”.
Ekspertin sözlərinə görə, borc mülki məsələdir:
“Bununla bağlı müştərinin hesablarının dondurulması, işin məhkəməyə verilməsi və əmlak üzərinə həbs qoyulması mümkündür. Borcu ödəməyən vətəndaşa prosesin növbəti mərhələləri barədə məlumat vermək isə hədə-qorxu sayılmır. Həmin şəxs qarşıda onu nələrin gözləyəcəyini bilməlidir. Günahkar birbaşa vətəndaşın özüdür”.