AZ

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib, sədrlik Bolqarıstana keçib - YENİLƏNİB-2

Fasilədən sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş Assambleyası öz işini sessiyalarda davam etdirib.

APA-nın xəbərinə görə, birinci sessiyada bir sıra prosedur məsələlərinə baxılıb, habelə təşkilatı və maliyyə məsələləri nəzərdən keçirilib, müvafiq qərarlar qəbul edilib.

Sonra sessiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyəti, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) fəaliyyəti, Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin (QDABM) fəaliyyəti barədə məlumatlar dinlənilib. Tədbir iştirakçıları gündəlikdəki məsələlərə öz münasibətini bildiriblər.

QDİƏTPA-nın Baş Assambleyasının ikinci sessiyasında “Müasir və dayanıqlı nəqliyyat infrastrukturu vasitəsilə QDİƏT regionunda əlaqəliliyin gücləndirilməsi və hərəkətliliyin artırılması” mövzusunda müzakirələr aparılıb. Milli nümayəndə heyətlərinin rəhbərləri mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bölüşüblər.

Sessiya çərçivəsində, həmçinin qurumun İqtisadi və inkişaf siyasəti komitəsinin iclası keçirilib. İclasda “Daha yaşıl bir gələcəyə doğru: Qara Dəniz regionunda texnologiya həlləri üzrə əməkdaşlıq” adlı hesabat və tövsiyə layihəsi müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Üçüncü sessiyada qurumun Hüquq məsələləri və beynəlxalq əməkdaşlıq komitəsinin və Sosial və humanitar siyasət komitəsinin iclasları olub. Tədbirlərdə “QDİƏT regionunda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq”, “QDİƏT regionunda əlilliyi olan şəxslər üçün təhsilin və məşğulluğun inkişafına dair cari strategiyalar və təcrübələr” adlı hesabat və tövsiyə layihələri nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.

Dördüncü sessiyada QDİƏT PA-nın Baş Assambleyasının 2025-ci il payız sessiyasının tarixi, məkanı və gündəliyi müəyyən edilib.

Bununla Bakıda keçirilən QDİƏTPA-nın 65-ci Baş Assambleyası öz işini başa çatdırıb.

QDİƏTPA-nın 65-ci Baş Assambleyasında Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə, Ukrayna, Yunanıstan, parlament nümayəndə heyətləri, bir sıra beynəlxalq təşkilatların, o cümlədən TÜRKPA, Cənub-Şərqi Avropada Parlament Əməkdaşlığı üzrə Regional Katibliyi (RSPC SEE), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyi (BSEC PERMIS), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Beynəlxalq Avtomobil Nəqliyyatı Assosiasiyaları İttifaqı (BSEC-URTA), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Marmara Qrupu, MDB PA-nın təmsilçiləri iştirak ediblər.

***

saat 10.59

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının plenar iclası başlayıb.

APA xəbər verir ki, açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan hər zaman dialoqa, dinc birgəyaşayışa böyük önəm verir və bu gün Bakı ideyaların formalaşdığı, həll yollarının birgə axtarıldığı məkana çevrilməkdədir.

Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dinamik inkişaf edən, özünə hörmət edilən ölkəyə çevrilib: “Biz qürur duyuruq ki, bu gün Azərbaycan sülhü, əməkdaşlığı dəstəkləyir. İkinci dünya Müharibəsindən sonra Azərbaycan işğal altında olan ərazilərini bərpa etmiş yeganə ölkədir”.

Milli Məclisin sədri qeyd edib ki, QDİƏT PA-nın bölgədə rolu artır: “Bizi sülh və inkişaf arzusu birləşdirir. Dialoq siyasətə çevrilməlidir. Bu Assamblya dönüş nöqtəsi olmalıdır və ola bilər. Biz effektiv, şəffaf mexanizmlər yaratmalı, yalnız bu günün deyil, gələcək çağırışlara cavab verəcək əməkdaşlıqlar qurmalıyıq. Rəqəmsallaşma, yaşıl iqtisadiyyat gündəliyimizin ön sıralarında yer almalıdır. Mədəniyyəti də unutmamalıyıq. Mədəniyyət sərhədlərdən və baxışlardan asılı olmayaraq, hər kəsin anlayacağı dildir. Daha vacib mövzu isə süni intellektdir. Biz birgə şəkildə birgə tədqiqatları təşviq etməli və region ölkələrinin süni intellektə çıxışını təmin etməliyik. Assambleya regionda demokratiyanın dayağı olmalıdır. Bunlar olmadan vətəndaşların etimadını qazanmaq mümkün deyil, parlament institutlarının xalqın maraqlarını müdafiə etdiyini göstərməliyik”.

Sahibə Qafarova qeyd edib ki, bu gün Azərbaycan tərəfindən irəli sürülən enerji layihələri regionun və regiondan kənar ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır: “Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin yaranması ilə bağlı layihələr ölkələrimizin yaşıl enerji gündəlyinə töhfələr verəcək”.

İclasda QDİƏT PA-da sədrlik Azərbaycan Respublikasından Bolqarıstan Respublikasına keçib.

Bolqarıstan Respublikasının Milli Assambleyasının Prezidenti Nataliya Kiselova deyib ki, Bolqarıstan iyulun 1-dən növbəti 6 ay ərzində sədrliyi öz üzərinə götürəcək: “Biz sədrliyimiz dövründə böhranların idarə edilməsinə, beynəlxalq əməkdaşlığa diqqət edərək regional əməkdaşlığa töhfə vermək əzmindəyik. Bolqarıstan beynəlxalq inkişafa yönəlmiş məqsədyönlü addımları həyata keçirməyə çalışacaq. Bütün üzvləri bu ilin noyabrında Sofiyada keçiriləcək payız sessiyasına dəvət edirəm”.

Şimali Makedoniya Respublikası Assambleyasının Prezidenti Afrim Qaşi bildirib ki, Şimali Makedoniya Avropaya inteqrasiya prinisplərinə sadiq olaraq QDİƏT-in inkişafını əsas kimi görür.

***

saat 10.36

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) sədrlik Azərbaycan Respublikasından Bolqarıstan Respublikasına keçib.

APA xəbər verir ki, bunu Milli Məclisdə keçirilən QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sahibə Qafarova sədrlik tokmağını Bolqarısta tərəfinə təhvil verib.

Bolqarıstan Respublikasının Milli Assambleyasının Prezidenti Nataliya Kiselova deyib ki, Qara dəniz regionunun 12 ölkəsini bir araya gətirən bu Assambleya regionda sabitliyin möhkəmlənməsinə töhfə verir: “Bolqarıstan iyulun 1-dən növbəti 6 ay ərzində sədrliyi öz üzərinə götürəcək. Biz sədrliyimiz dövründə böhranların idarə edilməsinə, beynəlxalq əməkdaşlığa diqqət edərək regional əməkdaşlığa töhfə vermək əzmindəyik. Bolqarıstan beynəlxalq inkişafa yönəlmiş məqsədyönlü addımları həyata keçirməyə çalışacaq. Bütün üzvləri bu ilin noyabrında Sofiyada keçiriləcək payız sessiyasına dəvət edirəm”.

***

saat 10.05

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının plenar iclası keçirilir.

APA xəbər verir ki, iclasda QDİƏT PA-da sədrlik Azərbaycan Respublikasından Bolqarıstan Respublikasına keçəcək.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Seçilən
4
8
apa.az

10Mənbələr