AZ

"Moskvanın vasitəçilik çağırışı rədd edildi: Yaxın Şərqdə nüvə gərginliyi dərinləşir" - Rusiya mətbuatı

 
"Rusiya İsrail- İran münaqişəsində diplomatik həll təklif edir, lakin Qərb və İsrail bu rolu qəbul etmir..."
 
İsrailin İrana qarşı artan hava hücumları və bölgədəki təhlükəli eskalasiya ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi iyunun 17-də tarixində sərt tonda rəsmi bəyanatla çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "moscowtimes.ru"  yayıb.
 
Diplomatik bəyanat: Moskva səbrini itirir
 
Moskva bu hücumların ilk növbədə region ölkələri üçün, eləcə də qlobal təhlükəsizlik baxımından ciddi risklər yaratdığını vurğulayaraq, İsrailin nüvə obyektlərinə yönəlik zərbələrinin beynəlxalq hüquqa zidd olduğunu bildirib.
 
Rusiya bəyanatında İsrailin İranın dinc nüvə obyektlərinə hücumlarını "qanunsuz və təhlükəli" adlandıraraq bu cür addımların bütün dünya üçün, o cümlədən elə İsrailin özü üçün də fəlakətli nəticələrə gətirib çıxara biləcəyini qeyd edib. Moskva MAQATE-nin bu hücumlarla bağlı dərhal obyektiv və siyasi təsirlərdən uzaq hesabat təqdim etməsini tələb edib.
 
Nazirlik bəyanatında həmçinin Qərb ölkələrinin, xüsusilə də ABŞ və onun müttəfiqlərinin MAQATE vasitəsilə İranın nüvə proqramına qarşı siyasi motivli qərarlar qəbul etdiyini və bunun da faktiki olaraq İsrailin hərbi əməliyyatlarına yaşıl işıq yandırdığını bildirib.
 
Putin diplomatiya təklif edir, amma onu dinləyən yoxdur
 
Rusiya tərəfi yalnız tənqidlə kifayətlənməyib, eyni zamanda konkret diplomatik təşəbbüslərlə çıxış edib. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, prezident Vladimir Putin həm İsrail baş naziri Benyamin Netanyahu, həm də ABŞ prezidenti Donald Trampla telefon danışıqları apararaq Rusiyanın vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.
 
Amma bu təşəbbüs, xüsusilə İsrail tərəfindən rədd edilib və danışıqlara meyl göstərilməyib. Peskov bildirib ki, hazırkı vəziyyət "tamamilə nəzarətsiz bir eskalasiya mərhələsinə keçib" və "proqnozlaşdırılması mümkün olmayan nəticələr doğura bilər". O, bütün tərəfləri təmkinli olmağa və hərbi əməliyyatları dayandırmağa çağırıb.
 
Qərb Moskvanın sülh rolunu qəbul etmir
 
Rusiya bu münaqişədə diplomatik vasitəçi kimi çıxış etməyə cəhd etsə də, bu təşəbbüs Qərb ölkələri, xüsusilə Fransa tərəfindən də açıq şəkildə rədd olunub. Fransa prezidenti Emmanuel Makron bildirib ki, "Rusiya hazırda özünün Ukrayna ilə yüksək intensivli müharibəyə cəlb olunması və BMT Nizamnaməsini illərdir pozması fonunda etibarlı vasitəçi ola bilməz".
 
ABŞ prezidenti Donald Tramp isə iyunun 14-də tarixində verdiyi bəyanatında İrandan "tam təslim olmasını" tələb etdiyini və "artıq səbrinin tükəndiyini" açıq şəkildə bəyan edib. Bu, Vaşinqtonun sülhə deyil, daha sərt ssenariyə üstünlük verdiyini göstərir.
 
İran danışıqlara hazırdır, amma şərti var
 
Moskva İran tərəfinin isə danışıqlara və ABŞ-la təmaslara hazır olduğunu qeyd edir. Rusiya bildirir ki, Tehran Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə sadiqliyini qoruyur və yalnız İsrailin hücumları dayandırılarsa, hər cür şübhələri aradan qaldırmaq üçün beynəlxalq dialoqa açıqdır.
 
Bu isə Moskvanın gözündə sülhə aparan yeganə yol kimi görünür: qarşılıqlı inam, diplomatiya və MAQATE çərçivəsində şəffaf əməkdaşlıq. Rusiya bir daha vurğulayır ki, nüvə təhlükəsizliyinə nail olmaq yalnız hərbi əməliyyatlarla deyil, danışıqlar və beynəlxalq hüquqa əsaslanan yanaşmalarla mümkündür.
 
Beləliklə, Moskva bu qarşıdurmada həm siyasi məsuliyyətli aktor, həm də vasitəçi kimi çıxış etməyə çalışır. Lakin İsrailin kompromisdən uzaq mövqeyi, Qərbin Rusiyaya qarşı etimadsızlığı və ABŞ-ın sərt ritorikası Yaxın Şərqdə diplomatik səylərin qarşısını alır. Region isə getdikcə nüvə qarşıdurmasının təhlükəli astanasına yaxınlaşır.
Seçilən
6
moderator.az

1Mənbələr